Ağstafada vətəndaş dövlət tərəfindən ona ayrılan pay torpağının bələdiyyə tərəfindən başqa şəxsə satıldığını iddia edir.
Rayonun Poylu kənd sakini Elxan Hacıyev “Qafqazinfo”ya müraciət edərək əlində rəsmi sənədlərinin olmasına baxmayaraq, torpaq sahəsini digər şəxsin zəbt etdiyini deyib: “1997-ci ildə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 17 nömrəli qərarı ilə ailə üzvlərimlə mənə pay torpaq sahəsi verilib. Həmin torpağın bir hissəsi Məhəmməd Məmmədov tərəfindən zəbt edilib. Mən bələdiyyəyə, İcra Hakimiyyətinə və məhkəməyə müraciət etmişəm. Hamısından cavab olaraq ərazinin Məhəmməd adlı şəxs tərəfindən zəbt edildiyini deyiblər. Hətta həmin şəxs məhkəmədə çıxış edən zaman torpağı zəbt etmədiyini, pulla bələdiyyədən aldığını dedi. Ümumilikdə 84 sot torpağımın 10 sotdan çoxu zəbt olunub. Əlimdə həmin ərazinin mənə aid olmasına dair rəsmi sənədlər var. Bilirəm ki, torpağımı bələdiyyə qanunsuz formada satışa çıxarıb”.
Məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Ağstafa Rayon Bələdiyyə sədri Azad Mehdiyev bildirib ki, həmin ərazi Poylu kəndi ərazisinə düşmür: “Elxan Hacıyevin nəzərdə tutduğu ərazidən arx keçir. Həmin arxın bir tərəfi Poylu, o biri tərəfi isə Kəsəmənli ərazisidir. Vətəndaşın iddia etdiyi ərazi bizim bələdiyyəyə aid deyilsə, biz onu necə satışa çıxara bilərik? Məhkəmə də qərar verib ki, həmin ərazi Məhəmməd Məmmədova aiddir. Elxanın adına neçə sot torpaq var. Adına olan bütün torpaqlar ona aiddir və heç kim tərəfindən zəbt edilməyib”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?