Gundemxeber.az » GündəmXəbər » Yevlaxın keçmiş başçısı Qoca Səmədovun müsadirə olunan mülkləri
Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verib. Onun şikayətinə hazırda Şəki Apellyasiya Məhkəməsində baxılır. Keçmiş icra başçısı sağlıq durumunun ağırlığının nəzərə alınmasını, hökmün dəyişməsini, həbsdən buraxılmasını istəyir.
Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinən Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər isə müsadirə olunub.
“Azadlıq” radiosunun əldə etdiyi məlumata görə Qoca Səmədovun müsadirə edilən əmlakları bunlardır:
- Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;
-Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;
-Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
-Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;
-Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;
-Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;
-Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;
-Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;
-Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.
Habelə Qoca Səmədovun 30 min manat nağd pulu da müsadirə olunub.
Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST" İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb. Şəki Ağır Cinayətlər Məhkəməsi bu iddiaları təmin edib. Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının müsadirə olunan mülkiyyətinin bir hissəsi adları çəkilən qurumlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. Qalan hissə isə dövlət nəfinə keçiriləcək.
O cümlədən tikintisi yarımçıq qalmış uşaq bağçasının da dövlət nəfinə köçürülməsinə qərar verilib.
Q.Səmədov məhkəmədə sözügedən uşaq bağçası haqda danışarkən deyib ki, hər rayonda özəl uşaq bağçası tikilməsi tapşırığı gəlmişdi. Bu tapşırığa uyğun olaraq, bəzi sahibkarlarla görüşüb onlara bağça tikməyi təklif etsə də, razılıq verən olmayıb. Ona görə də məcbur olub özü bu işi görmək qərarına gəlib. Sabiq icra başçısının sözlərinə görə, əvvəl bağçanı oğlunun adına sənədləşdirmək istəyib, lakin sonradan şirkətin adına rəsmiləşdirib.
Sabiq icra başçısı etiraf edib ki, bir sahibkar Yevlax Rayon İcra Hakimiyyətinin tenderlərində qalib gəlib müxtəlif işlər görürdü. Həmin sahibkar buna görə ona cəmi 100 min manat pul vermişdi. Həmin pulu da bağçanın tikintisinə xərcləyib.
61-yaşlı Qoca Səmədov 2011-2019-cu illərdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan əvvəl isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.
2019-cu ilin dekabrında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Səmədov vətəndaşların ictimai işlərə cəlb edilməsi məqsədilə əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə suçlanır. İddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov həmçinin, 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilir.
Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
GUNDEMXEBER.AZ
20-12-2019, 10:13
20-04-2018, 15:09
28-06-2017, 10:46
1-12-2018, 09:30
4-03-2021, 11:16
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?