İnsanlığa vurulan zərbənin ağrı-acısı hər kəsi göynətsə də, dözümlülük nümayiş etdirən xalqın vəziyyəti günü-gündən ağırlaşmaqda davam edir. Artıq çörəyin də qiyməti qalxdı və bu milləti çörəklə “imtahana çəkdilər”. Xeyli əvvəl suyun, elektrik enerjisinin, təbii qazın və neft məhsullarının qiymətinin qaldırılması, onsuz da biçarə əhalinin büdcəsinə ciddi təsirini göstərmişdi. Faktdır ki, çörəyin qiymətinin qaldırılması ac-yalavac olanları olmazın dərdə salacaq, hər kəsi ümidsizliyə düçar edəcək. Hamı “bu nə cəmiyyətdir, bu nə yaşayışdır yaşayırıq” deyib, birbirinə sual edəcək. Əminliklə deyə bilərik ki, heç bir təminatı olmayan əhalini gələcəkdə iqtisadi fəlakət öz ağuşuna alacaq. Bunun da əsas səbəbi, hökumətin səhv siyasət yürütməsidir. Faktdır ki, hakimiyyət xalqın əleyhinə etdiklərini ört-basdır etmək üçün, ilk əvvəl müstəqil mətbuatı susdurmaq və nəzarətdə saxlamaq qərarına gəldi. Bunun üçün yeni media haqqında Qanun layihəsini xəlvəti hazırlatdırdı və az sonra həmin layihəni ictimai müzakirələrə çıxartdı. Artıq dar çərçivədə hazırlanmış Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşdan da keçirildi. Bu o deməkdir ki, finişə bir şey qalmayıb. Demək, bütün bu kimi oyunların kökündə hökumətin səhv siyasətini ört-basdır etmək, məzlum xalqı cilovlayıb bir əldə saxlamaq durur.
Sorğu
Yeni dizaynımız necədir?