"Kasıb, işsiz təbəqəyik, hardan tapaq o boyda məbləği?”
"Bu küçədə şəhid, qazi ailələri var. Heç olmasa o ailələrə güzəşt edib bu küçələri qazlaşdırsınlar. İllərdir ki, mavi yanacağa görə əziyyət çəkirik”.
Gundemxeber.Az bildirir ki, bunu Meydan TV-yə Gəncənin Məhsəti qəsəbəsinin sakinləri deyir.
Qəsəbənin 32-41-ci küçələrində yaşayan sakinlər bir neçə ildir ki, mavi yanacaq üzünə həsrət qalıblar. Qəsəbə sakini Məlahət Şəfiyeva deyir, mavi yanacaq problemi 10 küçəni əhatə edir, bu 10 küçədə isə təxminən 100 ailə yaşayır:
"Bu ailələrdə uşaq, qoca, xəstə var, bədənində qəlpələrlə müharibədən qayıdan qazi var, şəhid balası var… Gəncə Regional Qaz İstismar İdarəsinə müraciət edirik, bizdən pul istəyirlər. Bu məbləğ də 5 manat deyil, 10 manat deyil”.
Qaz çəkilişi üçün 120 min manat tələb olunur”
Sakinlərin sözlərinə görə, 10 küçəyə qaz çəkilişi üçün tələb olunan məbləğ 120 min manatdır. Sakinlərsə hesab edirlər ki, qaz dövlət hesabına çəkilməlidir: "Kasıb, işsiz təbəqəyik, hardan tapaq o boyda məbləği? Bütün Gəncənin kasıb təbəqəsi yığılsa, o boyda məbləğin heç yarısını toplamaq olmaz. Özləri də bilir ki, bu məhəllələrdə yaşayanlarda o pul yoxdur. Belə çıxır ki, biz ömrümüzün sonunadək ağac qırmalıyıq, "apilka” yandırmalıyıq? Vəziyyətimiz çox acınacaqlıdır. Həyətlərdə salamat ağac qalmayıb, evlərimizi isitməyə daha hansı yollara əl ataq, bilmirik. Elektrik istilik cihazlarından da istifadə edə bilmirik, daha əvvəlki vaxt deyil, onun da qiyməti qalxıb”.
Soyuq evdə nə uşaq, nə xəstə tab gətirir
Maisə Vəliyeva danışır ki, anası 76 yaşlı Sənəm Ağayeva yenicə əməliyyatdan çıxıb, ancaq evdə istilik olmadığından onu bir qohumunun evinə yerləşdirib: "Uşaq məktəbdən çıxır, qohum evinə yollayırıq, xəstəxanadan çıxanımızı qohum evinə yollayırıq. Nə vaxta qədər belə davam edəcək? Bu ölkənin altı, üstü neftdir, qazdır, niyə bu imkanlardan yararlanmaqdan məhrum olmalıyıq? Mən neft-qaz ölkəsinin vətəndaşı olaraq tələb edirəm, yaşadığım küçəyə dövlət hesabına qaz çəkilsin, isti evdə yaşamaq mənim balalarımın da, valideynlərimin də haqqıdır”,
Pulu podratçı təşkilatlar istəyir
Gəncə Regional Qaz İstismar İdarəsindən Meydan TV-yə bildirilib ki, Məhsəti qəsəbəsindəki həmin küçələr yeni salınıb. Ərazi genişləndirilmələri yeni olduğundan qaz çəkilişi üçün böyük miqyaslı iş və vaxt tələb edir.
Sonradan genişləndirilmiş ərazilərin siyahısı tutulub və artıq mərhələli şəkildə qaz çəkilişi işlərinə başlanıb.
Sakinlərdən 120 min manat pul tələb olunmasına gəlincə, idarədən bildirilib ki, "Azəriqaz” qaz çəkilişinə görə pul almır, vətəndaşlar lisenziyası olan pordratçı təşkilata müraciət edirlər, məbləğ də həmin təşkilat tərəfindən təklif olunur
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?