“Əhali səsini çıxara bilmir, sosial tələblərini səsləndirə bilmir. Əlidəyənəkli polisi üstünə töküb səsini boğurlar. Qazı, nefti dibinə kimi sovurub satıb xeyrini gördülər, ancaq evində soyuqdan donan vətəndaş küçəyə çıxıb qaz tələb edə bilmir”.
“Qazı xaricə ötürür, özümüzə İrandan qaz balonu gətizdirir”
Binəqədi rayonu, Xocasən qəsəbəsinin sakini Mehdi Abdullayev, deyəsən, dördüncü qışı da qaz balonu ilə keçirəcək. Deyir, 4 ildir ki, buraya köçüb, burada qarşıladığı ilk qış girəndə qaz balonu alıb, hələ də ondan istifadə edir:
“Sragagün yığışdıq, yolu bağlayaq, bir avtobus polis tökülüşdü, əllərində dəyənəklə, başladılar camaatı dağıtmağa. Bəs sözümüzü hara deyək, kimə deyək... Hökumətimiz qazı xaricə ötürür, özümüzə isə İrandan qaz balonu gətizdirir. Keçən il qardaşımın evində iki dəfə qaz balonu partlayıb, 6 aylıq uşaq yaralanıb. Bir qonşumun evi elə qaz balonuna görə yandı. Hökumət qazı xaricə ötürür, özümüzü isə təhlükəyə, oda atıb”.
“GECƏLƏR DƏ BALONU SÖNDÜRMÜRLƏR”
Qəsəbə sakini Nərminə Əsədova ev şəraitində qaz balonundan istifadə etməyə qorxur. Deyir, yay-qış, qaz balonu həyətin o başında olur. Yeməyi, çayı həyətdə hazırlayır. Havalar soyuyanda evdə rütubət də artır, istiliyə ehtiyac olur, ancaq yenə də, qaz balonuna bel bağlamır:
“Həyətin o başında qoymuşam, yay-qış istifadə edirəm. Evə qoymağa qorxuram. Qış gələndə ən çox eşitdiyimiz xəbər bu olur ki, kiminsə evində balon partlayıb. Əsas da məcbur olub gecələr də söndürmürlər, balon nəzarətsiz qalır. Mən paltomu geyinib, üstündən iki yorğana da bürünərəm, ancaq evdə balon işlətmərəm”.
Oktyabrın 17-də Xocasəndə yolu kəsməyə cəhd edənlərdən biri də elə Nərminə xanım olub. Deməsinə görə, Post Patrul Xidmətinin əməkdaşları onu zorla taksiyə oturdaraq evinə yola salıblar:
“Taksinin pulunu da verdilər. Həm də söz verdilər ki, rəisləri özü Qaz İdarəsi ilə danışacaq”.
“TEZLİKLƏ NORMAL QAZ OLACAQ”
74 yaşlı Nərminə xanım polislərə inanır və tezliklə mavi yanacaq probleminin həll olunacağına ümid edir.
Oktyabrın 17-də Xocəsən sakinləri qaz tələbi ilə Bakı-Xocəsən yolunu kəsməyə cəhd ediblər. Polis cəhdə mane olub.
Binəqədi rayon Qaz İstismarı İdarəsindən AzadlıqRadiosu-na bildirib ki, mavi yanacaq çatışmazlığının səbəbi havaların vaxtından əvvəl soyumasıdır. Qəsəbədəki evlər tezliklə normal qaydada mavi yanacaqla təmin olunacaq.
Sakinlərsə problemin illərdir ki, davam etdiyini bildirirlər.
Sorğu
Yeni dizaynımız necədir?