Naxçıvandan Azərbaycan Ali Məhkəməsinə edilən şikayətlərin qarşısı alınır.
Gundemxeber.Az xəbər verir ki, yerli sakinlərin "Gündəlik Naxçıvan"a verdiyi məlumata görə, buna cəhd edənlər təhdid olunur, təzyiqlərə məruz qalır, həbs olunmaqla hədələnirlər. Rəsmi məlumata görə, ötən il Naxçıvandan Azərbaycan Ali Məhkəməsinə cəmi 7 şikayət daxil olub. Sakinlər deyir ki, onların şikayətləri nəinki Bakıya, çox vaxt Naxçıvan Ali Məhkəməsinə belə gedib çıxmır. Məhz bu səbəbdən Bakıya göndərilən şikayətlər az göstərilir. Bunun səbəbi isə ilkin instansiya məhkəmələrinin şikayətləri qəbul edib, yuxarı ötürməməsidir. Bakıya şikayət etmək üçün isə Ali Məhkəmə də daxil, Naxçıvandakı bütün instansiyaları keçmək tələb olunur. Şikayətçi Fariz Nəcəfov deyir ki, fiziki təzyiq gördüyü üçün, polis məmurlarının birindən şikayət edib. Şikayətə baxılmadığı üçün Şərur rayon Məhkəməsinə üz tutub. Şikayətin geri götürməsi üçün təhdid olunsa da, istəyində israrlı olub. Yerli məhkəmə onun şikayətini təmin etmədiyindən, Naxçıvan Apellyasiya Məhkəməsinə üz tutub: “Apelyasiya şikayəti yazdım. Nəzərdə tutulan müddət keçsə də məhkəmədən xəbər çıxmadı. Naxçıvan Ali Məhkəməsi ilə əlaqə saxladım. Bildirdilər ki, onlara iddia ərizəsi daxil olmayıb. İlkin instansiya məhkəməsindən apelyasiya şikayətinin aqibəti ilə maraqlandım. Hakim yanına çağırdı. Yaxınlıqdakı zibil qutusunu göstərib dedi ki, ərizən ordadır. Nə qədər istəyirsən yaz. Sən yazacaqsan mən də cırıb atacağam.” Şikayətçi qeyd edir ki, hakim onu təhdid edərək, bildirib ki, şikayət etməyə davam etsə onun özünü sutkalığa göndərəcək. O da çarəsiz qalıb, şikayətinin arxasınca düşməyib: "Onlar bilirdilər ki, Naxçıvanda Ali Məhkəməni keçib, Bakıya şikayət göndərəcəm. Bəlkə də daha sonra Avropa İnsan Haqları Məhkəməsinə. Məni həbs etməklə qorxurdular, etdiyim şikayətlə maraqlanmadım. Davam etsəydim, həbs olunacaqdım. Naxçıvan da elə yerdir ki, səsin heç yerə çatmır, istədiklərini edirlər". Naxçıvanda bir çox cinayət hadisələri və məhkəmə işlərinin statistikasının gizlədildiyi bildirilir. Məqsəd, Naxçıvan Ali Məclisi sədri Vasif Talıbovun muxtar respublikanı cinayətsiz regiona çevirməklə bağlı göstərişinin yerinə yetirilməsi görüntüsünü yaratmaqdır. Bəzi mütəxəsislər də hesab edir ki, şikayətlərin Bakıya gedib çıxmasının qarşısı, cinayət hadisələrinin ört-basdır edilməsi ilə bağlıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?