“Əmək pensiyaları haqqında” qanun aztəminatlı şəxslərin ziyanına dəyişdirilir
Mətbuatın , sosial şəbəkələrin gündəmi son günlərdə əmək pensiyalarına dəyişikliklər edilməsi haqqında informasiyalarla elə “şok -şad muştuluq”larla zəngindir ki, pensiyaçıların həyatının “şok” dəyişəcəyinə inam yaranır. Amma dədələrimiz sözü, başımıza gələnlərdən başmaqçı olduğumuzdan, dəyişikliklərin vətəndaşların ziyanına olacağı təhlükəsi olduqca realdır.
“Əmək pensiyaları haqqında” qanunun 19.1.4 maddəsi 2006-cı ildən 2019-cu ilin aprelinə qədər 1-ci dərəcəli əlillərə qulluğa görə 11 manat aylıq əlavə verilməsini doğrulayıb. Lakin 13 il 3 ay müddətində bu maddə 1-ci dərəcəli əlillərə tətbiq edilməyib. 2019-cu ilin aprelin 1-dən 1-ci dərəcəli əlilə qulluq edən şəxsə Prezident təqaüdü kimi təyin edilərək ləğv olunan maddə əsasında verilməyən vəsaitin verilməsindən hələ də imtina edilir. 2020-ci ilin 30 dekabrında 19-cu maddə bütövlükdə ləğv edilib və Qarabağ qazilərinə , gözdən əlillərə verilməli olan 55 manatdan 110 manata qədər olan aylıq vəsait də ləğv edilib. Maraqlıdır ki, sözügedən vəsaitdən 50 -100 faiz çox məbləğ Böyük Vətən (?) müharibəsi (?-M. B. ) əlilləri və iştirakçılarına verilib və indi də verilməsi davam etdirilir, amma 14 il ərzində Qarabağ qazilərinə verilməyib. Belə bəlli olur ki, bu maddənin ləğv edilməsi elə Qarabağ qazilərinə verilməməsini legitimləşdirməkdən yana olub. Yeri gəlmişkən, Qarabağ savaşı şəhidlərinin həyat yoldaşlarına kommunal, nəqliyyat və digər xidmətlər üzrə aylıq müavinətin verilməsindən də Milli Məclisin “dəyişiklik qayğısı” ilə 2 ildir imtina edilib. Bəhanə budur ki, şəhid ailələrinə Prezident təqaüdü verilir! (?) Bəyəm sosial deputatlar bilmir ki, həmin təqaüd ailə üzvləri arasında bölünür? Yəni şəhidin həyat yoldaşına ayrıca kommunal xidmət əvəzi cüzi müavinət büdcəyə belə ziyandır? Necə olur, Prezidentin 05.01.2021 tarixli fərmanla dəyişiklik etdiyi 26.12.2001 tarixli “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” fərmanı ilə döyüşçülərin dul arvadlarına 12 manat ayrılır, amma şəhidlərin dul həyat yoldaşları “döyüşçü arvadları” sayılmır? Yalnız Böyük Vətən (?) müharibəsi iştirakçıları döyüşçü sayılır? Sonra da “5-ci kolon” axtarırıq; “5-ci kolon” elə hökumətin özüdür.
Mövzudan uzaqlaşmayaq, uzağa da getməyək, 4 ay qabaq Azərbaycan Respublikası Prezidentinin 23.12.2021 tarixli fərmanı ilə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşlarına 20 faizlik əlavə müəyyən olunub. “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə görə , bu QANUNUN 20-Cİ MADDƏSİNƏ ƏSASƏN PENSİYA ALAN ŞƏXSLƏRİN TUTDUĞU VƏZİFƏLƏR ÜZRƏ ƏMƏKHAQQILARI (ƏMƏK HAQQI, DÖVLƏT MƏVACİBİ, TƏMİNAT XƏRCLİYİ) SONRADAN ARTIRILDIQDA HƏMİN ŞƏXSLƏRİN PENSİYALARINA ƏLAVƏ ARTIMA UYĞUN OLARAQ YENİDƏN HESABLANIR . Bəs niyə hesablanmayıb? Qanunun tələbinə niyə əməl edilmir və bu əməl etməməyə görə Maliyyə Nazirliyi, Hesablama Palatası , Baş prokurorluq, Milli Məclisin özü niyə tədbir görmür? “Başmaqçı olmaq” təcrübəsi” bu 29.2 maddəsinin də ləğv ediləcəyini göstərir. Bu yol hökumət on illər gözləməyi fikirləşmir, qazi və şəhid ailələrinin hüquqlarını dörd aylığında –“beşikdəcə boğmaq” qərarına gəlib.
NK-nın 09.01.2013 tarixli qərarı ilə ikiqat artırılaraq 128 manat olan və hazırda 198 manat təşkil edən ərzaq payı əvəzinə müavinət də hərbçilərə və pensiyaçılara şamil edilmir. Niyə? Ümumiyyətlə, bu NK nəyə gərəkir? Bir baş nazir meşədən meyvə yığılmasını qadağan edən qərar verir, o biri bulaqdan, quyudan su götürməyə rüsum tətbiq edilməsinə. İnsanı, vətəndaşı fikirləşən yoxdur! Belə “diqqət və qayğı” ilə Qarabağ qazilərinin, şəhid ailələrinin, hərbçilərin diqqət və qayğıdan qıraqda saxlanılması gözləniləndir. Pensiya qanunvericiliyinə dəyişikliklərdən də ziyandan özgə nəsə gözləmək əbəsdir. “Başmaqçılıq” təcrübəsi bu fikrə düşməyimizə əsasdır. ..
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?