Daşkəsən RİH-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev GundemXeber.Az-ın redaksiyasına bildirib ki, "İyunun 24-də saat 20 radələrində Daşkəsən ərazisinə yağan intensiv dolu və leysan yağışları nəticəsində çay yataqlarında sel sularının kəskin artması hazırda Alaxançallı kəndi ilə rayon mərkəzi arasında yeganə əlaqə yaradan suötürücü keçidi tamamilə dağıtmışdır.
Məlumat üçün bildirək ki, iyunun 10-da baş vermiş eyni xarakterli təbii fəlakət Alaxançallı kəndinə ciddi ziyan vurmaqla kəndin 3 ədəd körpüsünü aparmış, yollarını yararsız vəziyyətə salmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması çərçivəsində tez bir zamanda kəndlə əlaqəni bərpa etmək məqsədilə çay yatağında iridiametrli dəmir borulardan bir ədəd suötürücü keçid quraşdırılmışdı. Sel sularının həmin suötürücünü aparması Alaxançallı kəndi ilə rayon mərkəzi arasında əlaqəni yenidən kəsmişdir. Həmçinin intensiv dolu və sel suları rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan və bir sıra yaşayış məntəqələrində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin dam ötrüklərinə yenidən ciddi ziyan vurmuşdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəfələrlə məlumat verilsə də, bu günə kimi Fövqəladə Hallar Nazirliyi Daşkəsən rayonunda baş vermiş təbii fəlakətlə maraqlanmamışdır. Hazırda rayon ərazisində intensiv leysan yağışları ilə müşayiət olunan qeyri-sabit hava şəraiti davam edir."
Sorğu
Yeni dizaynımız necədir?