Ötən gecə qərb bölgəsinə yağan güclü yağış saat 22:00 radələrində Ağstafa rayonunda leysana çevrilib.
Sel suları dağdan axaraq rayonun Dağ Kəsəmən kəndində bir sıra fəsadlar yaradıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının I müavini Ramiz Tatarovun bildirdiyinə görə, sel suları 100-ə yaxın evə ziyan vurub, həyətyanı sahələri su basıb, evlərin zirzəmilərinə su dolub.
Leysan kənd sakinlərindən birinə məxsus “QAZ-24” markalı avtomobili yaşayış yerindən təxminən 400 metr uzaqlıqdakı yeraltı keçidə qədər aparıb. Bundan başqa, bəzi sakinlərin evləri lil və palçıqla dolub. Kənd sakinləri hər il avqust ayından başlayaraq bu vəziyyətin yarandığını bildirirlər. Sakinlər sel sularının evlərə dolmasının səbəbini ötürücü su kanalın yüklənməsi ilə əlaqələndirirlər.
R.Tatarovun dediyinə görə, artıq Dağ Kəsəmən kəndində selin yaratdığı fəsadlar aradan qaldırılır. Ərazi polis tərəfindən nəzarətə götürülüb. (apa.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?