Səfər Mehdiyev çoxdan çıxarılmalı idi Gömrük Komitəsinin sədri vəzifəsindən. Əsgərə göndərilən siqareti belə oğurlayan "generalların" da yeri əlbəttə, həbsxana olmalıdır. Heç kimin etirazı yoxdur. Ancaq bu həbslər və işdən çıxarma cəmiyyətdə İlham Əliyevin arzuladığı reaksiyanı yaratmadı.
Əvvəlki vaxtlar olsaydı, yandaş media, rejimin kreativ malakeşlər briqadası indi tufan qoparardılar ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin işdən çıxarılması ən köklü, analoqsuz islahatdır, bu "islahatdan" sonra ölkənin bütün problemləri həll olunacaq. Ancaq indi alınmır. Hətta intellektual yaltaqlar, trollar da belə görünür ki, utanmağa başlayıblar. Çünki hamı bilir ki, Gömrük Komitəsi rəhbəri indiyə qədər artıq dəfələrlə dəyişib, ancaq gömrükdəki soyğunçuluq dəyişməyib.
Xalq onu da bilir ki, hətta Baş nazirin, Prezident Adminstrasiyası rəhbərinin, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Ədliyyə nazirlərinin, Baş prokurorun dəyişməsi belə ölkədəki vəziyyəti dəyişməyib.
Bu ölkənin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı və bütün digər nazirləri, komitə rəhbərləri dəfələrlə dəyişməyibmi? Bəs bu kadr dəyişiklikləri ölkədəki vəziyyəti necə, yaxşılaşdırıbmı? Qətiyyən yox! Ölkədə ildən-ilə əhalinin həyat səviyyəsi daha da ağırlaşır, korrupsiya və monopoliya daha da genişlənir, sosial müdafiə daha da pisləşir, polis zorakılığı, repressiya, sifarişli məhkəmə hökmləri davam edir. Milyardlarla manatlıq büdcə pulları oğurlanıb ofşorlara daşınır. Ona görə də artıq bu ölkədəki ən üzlü adamlar da iddia edə bilmirlər ki, hansısa nazirin işdən çıxarılması ölkədə köklü islahata səbəb olacaq, hansısa generalların, icra başçılarının həbsi isə doğrudan da korrupsiya ilə mübarizə məqsədilə həyata keçirilir.
Hamı hər şeyi bilir. Ölkədəki anti-xalq idarəetmə sistemini quran da, başında duran da İlham Əliyevdir. Ölkədə köklü dəyişikliklər isə İlham Əliyev özü hakimiyyətdən gedəndən sonra mümkün olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?