Sosial Xidmətlər Agentliyi və hərbi qurumlar görəvlərini icra etməkdən imtina edir
Azərbaycan Respublikası Prezidentinin 30.06.2020 tarixli 1024 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanı ilə doğrulanan Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 1.1 bəndinə görə, Sosial Xidmətlər Agentliyi (SXA) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığa götürülmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən hüquqi şəxsdir. Sosial xidmətə ehtiyacı olan şəxslərə sosial xidmət göstərilməsini təşkil etmək və həyata keçirmək; onların digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etməsinə imkanlar yaradılması üçün TƏDBİRLƏR HƏYATA KEÇİRMƏK, bayramlarda və digər əlamətdar günlərdə müxtəlif həvəsləndirici TƏDBİRLƏR TƏŞKİL ETMƏK ; əlilliyi olan şəxslərin sosial müdafiəsinə dair təhlillər aparmaq və s .(hamısını yazsaq, redaktorun “qayçılaması” ilə üzləşə bilərik -M. B. ) Agentliyin vəzifələrinə aiddir. Nə yazıq, SXA Prezident fərmanı ilə üzərinə qoyulan vəzifələri icra etməkdən imtina edir.
Eldə deyildiyi kimi, yayın oğlan çağıdır, bu çağlarda , hamı kimi, əlilliyi olan şəxslərin, Qarabağ qazilərinin, şəhid ailələrinin də sanatoriya – kurortlarda dincəlmək hüquqları var. Bu hüququn təmin edilməsini təşkil etməyə borclu olan ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi isə xidmətdən imtina edir. Qazilər, savaş adamları bilmir kimə üz tutsun. Ali dövlət hakimiyyəti orqanları, hərbi qurumlar ƏƏSMN-i, ƏƏSMN, tabeliyindəki Sosial Xidmətlər Agentliyini nişan verir və Qarabağ qaziləri bu “nişangahda” intihar hədəfinə çevrilirlər. Axı belə xidmət olmaz, əlilliyi olan şəxsləri , şəhid ailələrini , ümumiyyətlə, sosial xidmətə ehtiyacı olan şəxsləri konkret xidmət göstərilməsi maraqlandırır, bu xidməti kimin, hansı dövlət qurumunun göstərməsi yox!
Xidmətdən imtinanı Nazirlər Kabinetinin (NK) qərarı ilə əsassız “əsaslandıran” SXA-nın məsul şəxsləri unudurlar ki, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanun -Azərbaycan Respublikasının Konstitusiyasıdır və NK-nın qərarı Prezident fərmanından, qanundan üstün ola bilməz: normativ- hüquqi aktların tətbiq edilməsi zamanı daha üstün qüvvəyə malik olan akt tətbiq edilir! Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.12 maddəsində doğrulanıb ki, qanunda və digər normativ – hüquqi aktlarda nəzərdə tutulmuş hallarda vətəndaşların sanatoriya-kurort putyovkaları ( yollayışları ) ilə təmin edilməsini TƏŞKİL ETMƏK SXA-nın görəvidir. Bu o deməkdir ki, putyovka ilə təmin olunmanın hansı qurumun üzərinə düşməsinə baxmayaraq, bu təminatın TƏŞKİL EDİLMƏSİ VƏZİFƏSİ SOSİAL XİDMƏTLƏR AGENTLİYİNİN üzərinə qoyulub. Əlilliyi olan şəxslərə gəldikdə isə sözügedən nizamnamənin 3.1.11 maddəsində doğrulanıb ki, əlilliyi olan şəxslərin , o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiya müəssisələrində reabilitasiyası ilə bağlı tədbirlər görmək SXA-nın vəzifələrindəndir. Bu Konstitusiya, bu qanun, bu prezident fərmanı, bu da SXA-nın vəzifəsinin icrasından imtinası! Yayın “oğlan” çağında Şuşanı dişi – dırnağı ilə QAZANAN QAZİ OĞULLARIN istirahət, reabilitasiya, sanatoriya -kurort hüquqlarından imtina edilir! Elə bu özbaşınalığın sonucudur ki, qazilər intihar növbəsinə dayanıblar , birinci dərəcəli əlillərin növbədənkənar intihar hüququ da tanınmır!
Ədalət adına vurğulayaq ki, millət vəkili Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və tabeliyindəki həmkarlar komitələrinin əlilliyi olan savaş adamlarının sanatoriya-kurort putyovkaları ilə təmin olunmalarında rolları böyükdür . Onu da vurğulayaq ki, iş yerləri olan qazilər , əlil və şəhid ailələri də çox deyil axı! Bəs ƏƏSMN və tabeliyindəki qurumlar , özəlliklə, Sosial Xidmətlər Agentliyi nədən ötrüdür? Hətta AHİK-dən konkret şəxsin adına ƏƏSMN-ə göndərilən sanatoriya-kurort yollayışına görə əlilliyi olan şəxsdən ödəniş tələb edilməsi də faktdır. Gerçəkdə ƏƏSMN özü AHİK-dən putyovkalar (yollayışlar) alıb əlilliyi olan şəxslərə, sosial xidmətə ehtiyacı olan vətəndaşlara verməklə onların istirahətini təmin etməyə borcludur.
Hərbi qurumların , güc strukturlarının da özlərinin Qarabağ qazilərini, veteranlarını sanatoriya-kurort putyovkaları ilə təmin etməkdə hüquqla, qanunla nəzərdə tutulan qaydada imkanları olsa da, sosial-tibbi xidmət göstərilməsindən imtina edirlər. Bu qurumların başlıca imtina bəhanəsi pensiya -müavinət təminatının 2007-ci ildən ƏƏSMN tabeliyində DSMF-ə verilməsindən qaynaqlanır. Bu bəhanənin elə bəhanədən başqa bir şey olmadığı göz qabağındadır. Axı DSMF-ə pensiya və müavinətlərin ödənilməsi vəzifəsi keçib, sosial – tibbi xidmət göstərilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbidir. Eyni zamanda, hərbi-güc qurumları keçmiş əməkdaşlarına (müddətli həqiqi hərbi xidmətdə olanlardan başqa) sosial-tibbi xidmətdən imtina edəcəklərsə, onda çoxsaylı ştatı olan sosial-tibbi xidmət, maliyyə şöbələri, (baş) idarələri nədən ötrüdür? Elə bu xidmətlər də DSMF-ə verilsə, həm büdcəyə yük düşməz, həm də xidmətdən imtinaya bəhanə olmaz.
Hələ ki, əlilliyi olan şəxslər, şəhid ailələri, qazilər hərbi-güc qurumları ilə ƏƏSMN-in arasında xidmətdən ikili imtina ilə hüquqsuz durumdadırlar. Yay isə bitmək üzrədir...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?