Gundemxeber.az » GündəmXəbər » Naxçıvan Xanı Azərbaycan qanunlarının ÜSTÜNDƏN TULLANIR... - NƏ VAXTA QƏDƏR...
Tanınmış jurnalist, “Şərq qapısı” qəzetinin sabiq Baş redaktoru Tural Səfərovun aylardır davam edən məhkəməsi dünən yekunlaşıb. Gundemxeber.az-ın ovqat.com-a istinadən məlumatına görə, Bakı İnzibati Məhkəməsinin hakimi Şəlalə Həsənova jurnalistin iddiasını tam təmin edib.
Faktı jurnalistin özü də Facebook səhifəsində paylaşdığı statusunda etiraf edib.
“Əziz dostlar! Bir neçə aydır ki, müvafiq dövlət orqanları tərəfindən pozulmuş hüquqlarımın bərpası, Bakı şəhərindəki mülkiyyətimdə olan mənzilə daimi qeydiyyata alınmağım üçün mübarizə aparırdım. Bu məsələ ilə bağlı dəfələrlə mediada çıxış etmiş, öz timsalımda Bakıda yaşayan naxçıvanlıların bu problemini ictimailəşdirmişdim. Xatırlayırsınızsa, bütün çıxışlarımda Azərbaycan ədalət mühakiməsinə inandığımı bildirmişdim. Bu gün bir daha əmin oldum ki, Azərbaycan ədalət mühakiməsi hələ diridir. Ölkəmizdə dövlətinin, Prezidentinin yanında olan insanları qaralayan, onları dövlətindən narazı salmağa çalışan “5-ci kolon”nun təmsilçilərinə qarşı mübarizə aparan ədalətli, vicdanlı, dürüst məmurlar da vardır. Bakı İnzibati Məhkəməsi bu gün iddiamı təmin edərək, mənim mülkiyyətimdə olan mənzilə daimi qeydiyyata alınmağıma dair aidiyyəti dövlət orqanının üzərinə vəzifə qoyaraq qərar çıxardı. Təşəkkürlər, Bakı İnzibati Məhkəməsi. Təşəkkürlər, hakim Şəlalə xanım Həsənova. Haqq nazilər üzülməz. Qoy həmişə ədalət zəfər çalsın. Bu barədə daha geniş şəkildə bir neçə gündən sonra yazacağam”, - Tural Səfərovun sözügedən statusunda vurğulanır.
Qeyd edək ki, Tural Səfərov Naxçıvanda bu gün də davam edən “Təhkimçilik hüququ”na qarşı iddia qaldırmışdı. Bu prinsipə görə, Naxçıvan MR-də qeydiyyatda olan vətəndaşlar onun sakinliyindən çıxa, Azərbaycanın və dünyanın başqa yerlərində qeydiyyata düşə bilməzlər. Bunun üçün mütləq gərək Naxçıvan Muxtar Respublikasının müvafiq orqanlarının razılığı alına. Həmin orqanlar icazə verməyəcəyi təqdirdə, Naxçıvan sakinləri bu hüquqlarını reallaşdıra bilməzlər.
Naxçıvan hakimiyyətinin bu yazılmamış qanunları nəticəsində Bakıda aldığı evin qeydiyyatına düşə bilməyən jurnalistin hüquqlarının bərpası üçün döymədiyi qapı qalmamışdı. Sonunda məcbur qalıb Bakı İnzibati Məhkəməsinə müraciət etmişdi. Maraqlıdır ki, Bakı İnzibati Məhkəməsi də müxtəlif bəhanələrlə şikayətçini get-gələ salır, konkret qərar çıxara bilmirdi. Görünür, “xan” həzrətləri Bakıdakı qüvvələrini səfərbər edib “Təhkimçilik hüququ”nun pozulmasını əngəlməyə çalışırdı. Son anda isə Azərbaycan məhkəmə sistemi bu biabırçılığı uzun müddət davam etdirə bilməyəcəyini anlayıb və ədalətli hökm çıxarıb. Azərbaycan hakimiyyət orqanlarının da bu biabırçılığın sonlandırılmasına maraqlı olduğu və məhkəməyə ədalətli hökm çıxarmaq barədə göstəriş verdiyi də istisna edilmir.
Türkiyəli iş adamı Ali Serdar Obanın öz hüquqlarının bərpası üçün apardığı mübarizədə isə “xan” həzrətləri ona qalib gəlib. Belə ki, Naxçıvandakı əmlakı zorla əlindən alınan, özü isə deportasiyaya məruz qalan iş adamı hüquqlarının bərpası üçün Azərbaycan Ali Məhkəməsinə müraciət etmişdi. Ali Məhkəmə onun iddialarını qismən haqlı görmüş və yenidən baxılması üçün işi Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərmişdi. Naxçıvan Kommersiya Məhkəməsi də işə yenidən baxıb, hökmü qüvvədə saxlamışdı.
Dərd burasındadır ki, Naxçıvan MR Kommersiya Məhkəməsi çıxardığı qərarda guya Avropa İnsan Haqları Məhkəməsinin “Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli, “De Cubber Belçikaya qarşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarlarına istinad edib. Yəni demək istəyib ki, biz Avropa standartlarına uyğun şəkildə iş adamının haqqını tapdalayırıq.
Məhkəmə hökmünün qərardad hissəsində deyilir:
“İddiaçı Oba Ali Serdar Fahri oğlunun cavabdehlər Səfərov Şəhriyar İbrahim oğluna, Ələsgərov Əli Məmiş oğluna və Babayev Yusif Səttar oğluna qarşı pul tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)- 02/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı Oba Ali Serdar Fahri oğlu və onun vəkili Bağırov Allahverdi Əsəd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Oba Ali Serdar Fahri oğlunun cavabdeh Səfərov Şəhriyar İbrahim oğluna qarşı götürülən mallara görə 91.600 ABŞ dollarına dair iddia tələbinin rədd edilməsi hissəsində təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-02/2020 nömrəli, 30 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər”.
Bir sözlə, Naxçıvan “xanı” Azərbaycan rəhbərinin çıxardığı qərarları görməzdən gəldiyi kimi, Naxçıvan Kommersiya Məhkəməsi də Azərbaycan Ali Məhkəməsinin hökmlərinə məhəl qoymur.
Gundemxeber.az
18-06-2021, 10:46
21-02-2014, 13:04
22-04-2016, 00:44
5-08-2016, 01:13
26-11-2020, 11:38
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?