Avropa Məhkəməsi “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin Avropa Konvensiyasının 5.3-cü maddəsi ilə təminat altına alınan məhkəməyə qədər qanunsuz həbsə alınmamaq hüququnun pozuntusunu tanıyıb. Məhkəmə qərarına əsasən Azərbaycan hökuməti 3 ay ərzində Qənimət Zahidə mənəvi zərər əvəzi olaraq 5 min avro, hüquqi məsrəflər üçün də 5 min avro ödəməlidir.
Bu haqda jurnalistin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutu məlumat verir.
“Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin 2007-ci ilin noyabrında Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu. Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalistin həbs müddəti 2007-ci il noyabr ayının 11-dən 2008-ci ilin mart ayının 7-nə qədər bir neçə dəfə uzadılmışdı. Yasamal Rayon Məhkəməsi jurnalisti 2008-ci ilin martında 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Media Hüququ İnstitutunun jurnalistin hüquqlarını müdafiə edən vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov 2008-ci ildə Avropa Məhkəməsinə müraciət edərək Qənimət Zahidin hökmə qədər həbsdə tutulmasının onun toxunulmazlıq hüququnu pozduğunu bildirmişdilər. Jurnalistin vəkilləri iddia edirdilər ki, ölkədaxili məhkəmələr Q.Zahidin məhkəməyə qədər həbsdə saxlanması ilə bağlı qərarlarını əsaslandırmayıblar, onun girov müqabilində azadlığa buraxılması barədə müraciətlərini əsassız olaraq rədd ediblər. Məhkəmələr qərar verərkən Q.Zahidin tanınmış jurnalist olması, Bakıda daimi yaşaması, himayəsində yetkinlik yaşına çatmayan dörd övladının olması və istintaqdan və ya məhkəmədən qaçıb gizlənməyə heç vaxt cəhd etməməsi barədə jurnalistin vəkillərinin arqumentlərini diqqətə almayıblar. Avropa Məhkəməsi şikayəti təmin edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?