Bərdənin Kələntərli kəndində geoloji kəşfiyyat məqsədilə qazılan quyuların hər birində neft və təbii qaz var. Lakin indiyə qədər bu təbii sərvətlərin heç birindən istifadə edilməyib.
Yerli sakinlərin sözlərinə görə, ötən əsrin 50-ci illərində Bərdə-Tərtər bölgəsində neft əldə etmək məqsədilə geoloji kəşfiyyat işləri aparılıb.
Bunun üçün bir neçə quyu qazılıb, istifadəyə verilib. Bir müddət Tərtərdə neft emalı həyata keçirilib. Ancaq o vaxtlar Moskvadan gələn “Pravda” qəzetinin müxbiri buradan bir yazı hazırlayaraq çıxarılan neftin iqtisadi baxımdan səmərəli olmadığını bildirib. Yəni çəkilən xərcin əldə edilən gəlirə uyğun olmadığını iddia edib. Bununla da ittifaq rəhbərliyindən istismarın dayandırılması barədə qərar gəlib. Ancaq istismarın dayandırılmasına baxmayaraq, yerdən öz gücünə xam neft çıxırdı. 1992-1993-cü illərdə həmin neftdən istifadə halı genişlənib. Sonralar həmin quyuları betonlamaqla neftin çıxmasının qarşısı alınıb.
Hazırda qapadılan həmin quyulardan birinin ağzı bağlı olmasına baxmayaraq, su ilə təbii qazın sızıntısı davam edir. Kənd sakinləri quyunun suyundan müalicə kimi istifadə edirlər. Kükürdlü olan bu su həm də yanar su kimi tanınır.
Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində 7 belə quyu var. Kələntərli kəndində insanların yaşadığı yerə ən yaxın olan quyunun qorunmasına xüsusi diqqət yetirilir. Yaxın ərazidə təhlükə yarada biləcək odun yandırılmasına da icazə verilmir.
Məsələ ilə bağı SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən verilən məlumata görə, bu günlərdə kənd ərazisində olan neft quyularına baxış keçirilib. Su sızması olan quyunun üzərində təmir-bərpa işləri aparılıb və sızma aradan qaldırılıb. Növbəti sızma olan quyuya baxılıb, quyuda olan sızmanın ləğv edilməsi və ən qısa zamanda aradan qaldırılması ücün iş planı hazırlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?