Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.
Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.
Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir.
Xatırladaq ki, “Dəryaz” qəzeti (“Deryaz.az” veb-saytı Alim Cənnətovun valideynlərinin redaksiyamıza müraciətləri əsasında artıq iki dəfə bu mövzuda məqalələr hazırlayaraq oxucularına təqdim etmişdir. Həmin məqalələrdə bu məsələ ilə əlaqədar təfərrüatlar, məhkəmə ədalətsizliyi ilə bağlı məqamlar öz əksini tapmışdır.
Bu dəfə isə Alim Cənnətovun nənəsi – şəhid anası, ahıl yaşlı Rəfiqə Cənnətova redaksiyamıza müraciət edərək fəryadının ictimailəşdirilməsini xahiş etmişdir.
Şəhid anası bildirir: “Məhkəmədən öncə yağışlı-qarlı havalarda sürünə - sürünə xəstə canımla, kor gözümlə mən Dövlət Sərhəd Xidmətində olmuşam. Pandemiyaya görə məni general Elçin Quliyev şəxsən özü qəbul etməsə də, başqa məmurlar mənə ürək-dirək verdilər ki, arxayın olun, tezliklə sizə şad xəbər veriləcək. Ancaq şad xəbər əvəzinə, sadəcə poçtla Dövlət Sərhəd Xidmətinin kadrlar şöbəsindən cavab məktubu göndərilərək Alimin xidmətə bərpasının mümkün olmadığı bildirildi. Dəfələrlə bir şəhid anası kimi Prezidentə, Vitse-Prezidentə ərizə ilə müraciət etmişəm. Əfsüslar olsun ki, həmin müraciətlərim baxılması üçün aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə göndərilsə də, yenə də kadrlar şöbəsindən eyni məzmunlu imtina cavabı gəldi. Məndə belə qənaət yarandı ki, təbiətcə humanist adam kimi tanınan general Elçin Quliyevin özünün bu olaylardan xəbəri yoxdur. Əks təqdirdə heç olmasa, sərhədçilərin peşə bayramında yazdığım təbriknamələrə cavab verilərdi. Əmin oldum ki, Namiq Cəlilov kimi öz günahlarını ört-basdır etmək istəyənlər, onu dəstəkləyənlər bizim müraciətlərimizi Dövlət Sərhəd Xidməti rəisinə çatdırmırlar. Bəs elə isə bizim ölkə başçısına ünvanladığımız, aidiyyəti üzrə göndərilən müraciətlərimizə niyə əhəmiyyət verilmir? Bunlar yəni o qədərmi dövlətə, dövlətşiliyə hörmətsiz yanaşırlar?
Bir şəhid anası kimi məınim göz yaşıma həssas yanaşan, haqqı nahaqqa qurban verməyən birinci instansiya məhkəməsinin hakimi Mehriban Qarayevanın ədalətli qərarını ləğv edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun çıxardığı qərar isə qərar deyil, qəbahətdir. Aşkar göründü ki, hakim Azər Hüseynov və sifarişini yerinə yetirdiyi şəxslər oğulları Vətən uğrunda qurban getmiş, xalqımızın 30 illik həsrətinə son qoymuş dəyanətli, mətanətli şəhid analarına da hörmət etmirlər. Yəqin, Mehriban Qarayeva özü də ana olduğu üçün məni başa düşüb, amma Azər Hüseynova həm ədalət, həm də mərhəmət hissi yad olduğu üçün bizim fəryadımıza biganə yanaşdı, sifarişlə qərar çıxardı.
İnanmaq, özümü inandırmaq istəyirəm ki, Ali Məhkəmədə icraatda olan bu məsələ ilə bağlı tezliklə ədalət işartıları özünü göstərəcəkdir. Çünki, tezliklə (bu günlərdə səhhətimdə hiss etdiyim narahatçılıq sovuşan kimi) Prezident Administrasiyanın qarşısına gedib daha uca səslə fəryad qoparacağam. Əminəm ki, o halda Ali Baş Komandan İlham Əliyev səsimi eşidəcək, öz gizirinə sahib çıxacaqdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?