Çin, İngiltərə, Fransa və Almaniya, ABŞ və Rusiya ilə birlikdə 2015-ci ildə İranla nüvə sazişini imzalayan ölkələrdən biridir. Bununla belə, Çin son illərdə ABŞ və tərəfdarları tərəfindən iqtisadi sanksiyalara məruz qalan İran ilə iqtisadi və ticari əlaqələri gücləndirib. İki ölkə ötən il neft və mədənçilikdən tutmuş İranda sənaye fəaliyyətlərinin təşviqinə, habelə nəqliyyat və kənd təsərrüfatı tərəfdaşlığına qədər bir sıra iqtisadi fəaliyyətləri əhatə edən 25 illik strateji əməkdaşlıq sazişi imzalayıb.
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi bu ilin aprel ayında Çinin müdafiə naziri Vey Fenqeni qəbul etmiş və ona Tehranın Pekinlə daha sıx əməkdaşlıq etmək istəyini ifadə etdiyi bildirmişdi. Həmin görüşlə bağlı hesabatda bildirilirdi ki, iki ölkə arasında əməkdaşlıq İran Prezidentinin “ABŞ-ın birtərəfliliyi” kimi təsvir etdiyi vəziyyətə qarşı çıxmağa kömək edəcək. Rəisi “Birtərəfliliklə üzləşmək, sabitlik və nizam yaratmaq müstəqil və həmfikir qüvvələrin əməkdaşlığı ilə mümkündür” demişdi. Vey İranın müdafiə naziri general Məhəmməd Rza Aştiani ilə də görüşmüş, onu və İran hərbi rəsmilərini Çinə dəvət etmişdi. Çin və İran arasında hərbi əlaqələrin inkişafının təsdiqi olaraq, bu ölkələrin donanmaları bir-birlərinin limanlarını ziyarət edir və Hind okeanında birgə dəniz təlimləri keçirirlər.
Təbii ki, Şərq müdrikliyinin beşiyi sayılan bu ölkələrin “dərin dövlətləri” öz aralarındakı siyasi münasibətlərində “Düşmənimin düşməni mənim dostumdur” fəlsəfəsinə uyğun hərəkət edirlər. Qeyd etməyə dəyər ki, Asiyanın bu iki böyük ölkəsini təkcə ABŞ-la qarşıdurma deyil, həm də Türk-Turan ideyası əndişələndirir. Bildiyimiz kimi, Çinin Şərqi Türküstan (uyğur) problemi, İranın isə Cənubi Azərbaycan problemi var. Bu nöqteyi - nəzərdən, Çin İranın Şimali Azərbaycanın güclənməsindən narahat olmasını anlaşıqlı qarşılayır və sözsüz ki, bu məsələdə molla rejiminə dəstək verməyə razılıq verib. Necə ki, İran Azərbaycanın düşməni Ermənistana dəstək verir. Çinin Azərbaycanda cəmiyyətə təsir rıçaqlarından biri isə ölkəmizdə də fəaliyyət göstərən “FOHOW” Beynəlxalq Korporasiyasının Azərbayacan nümayəndəliyi olan “FOHOW” – Azərbaycan” şirkətidir. Xatırladaq ki, bu şirkət əsasən immuniteti gücləndirən qida əlavələrinin satışı ilə məşğuldur. Satıcıları isə tibbi savadlı farmasevtlərin deyil, sadə vətəndaşlar arasından seçir. Savad tələbinin olmaması şəbəkəyə elmdən çox dinə meylli, imkansız və ya az qazanclı insanların axınını stimullaşdırır. Üstəlik, həmin şəxslərin dini savada yiyələnməsinin maliyyələşdirilməsi vədi onlara daha cazibədar görünür. Düşünürük ki, bu günlərdə şirkətin iki qadın əməkdaşının və onlardan birinin həyat yoldaşının İranın Qum şəhərində dini təhsil alması barədə yayılan xəbərləri heç də gözə almamaq olmaz. Hətta məlumatlı mənbənin gundemxeber.az-a verdiyi məlumata görə, bu şirkət vasitəsi ilə Azərbaycandan İrana təyinatı bəlli olmayan pul vəsaiti nəğd şəkildə çıxarılıb. Bunun da araşdırılıb hüquqi qiymət verilməsi dövlətin müvafiq qurumlarının işidir. Çinin marağındadır ki, Azərbaycan cəmiyyətində sünni təriqətinin üstünlük təşkil etdiyi Türkiyəyə deyil, şiəliyi ideoloji-idarəetmə alətinə çevirən İrana meylli əhali kəsimi çoxalsın. Haqlı sual meydana çıxır: Nəyə görə "FOHOW AZƏRBAYCAN” şirkəti Azərbaycan vətəndaşlarının başqa elmlərə yiyələnməsini deyil, məhz dini təhsilə yiyələnməsini stimullaşdırır, özü də Türkiyədə, Ərəbistanda deyil, məhz İranda? Məgər Azərbaycanın özündə İlahiyyat Universiteti yoxdurmu? Bu Universitetdə oxuyanların təhsil haqlarını Çin şirkətinin ödəməsinin qarşısını kim alır ki? Ən nəhayət, Çin nəyə görə buddizmi, Konfutsi təlimini öyrənmək istəyənlərin arzularını gerçəkləşdirmir, yaxud, Azərbaycan Ordusunun əsgərlərinə kunq-fu əlbəyaxa döyüş növlərinin sirrlərini öyrətmir?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?