Gundemxeber.az » GündəmXəbər » İlham İsmayıl: Dövlət Təhlükəsizliyi Xidmətinın İran casus şəbəkəsinə qarşı fəaliyyəti bölgə üçün önəmli məsələdir
No media source currently available
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Amerikanın Səsinə müsahibəsində İran-Azərbaycan münasibətlərində yaranan gərginliyin regional və lokal təsirlərindən danışıb.
Amerikanın Səsi: Son zamanlar İran-Azərbaycan münasibətlərindəki gərginlik qarşılıqlı hərbi təlimlərlə davam etdirilir. Sizcə bu gərginlik regionda hansı təhlükələr yarada bilər?
İlham İsmayıl: Ümumiyyətlə İran-Azərbaycan münasibətləri Azərbaycan müstəqillik qazanandan sonra kifayət qədər soyuq olub. Bir az qısqanclıqla yanaşıblar. Amma İkinci Qarabağ müharibəsindən sonra bu gərginlik daha da artıb. Biz keçən ilin payızında da gördük ki, İran-Azərbaycan münasibətlərində daha çox İran tərəfdən ittihamlar səsləndirildi. Hədələr oldu. Hətta hərbiçilər hansısa raketlərlə Bakının neft mədənlərinin vurulması söhbətini etdi. Amma xatırlayırsınızsa, İranın xarici işlər naziri Moskvaya səfərə gedəndən sonra məsələ bir az yumşaldı. Münasibətlər son iki aya qədər yumşaq qaldı. Son iki ayda isə daha gərgin bir vəziyyətə çatdı. Əgər əvvəllər İran birtərəfli qaydada bizi ittiham edirdisə, hədələyirdisə, biz beş sualdan birinə cavab verirdiksə, indi Azərbaycan məcbur olub qırmızı xətti keçməmək üçün öz maraqlarını qorumaq naminə İrana cavab verir. İranı da hiddətləndirən də bu cavablardır. Cavablar təkcə sıravi vətəndaşlar tərəfindən deyil, eyni zamanda rəsmilər tərəfindən oldu. Rəsmi media tərəfindən oldu. İranı da qıcıqlandıran budur. Təbii ki, dövlət başçısının da Səmərqənddəki çıxışı münasibətləri lap gərginləşdirdi. Bilirsiniz ki, İranın xarici işlər naziri Azərbaycan xarici işlər nazirinə zəng vurdu. Məsələləri yumşaltmağı təklif etdi. Nə dərəcədə yumşalacaq, məlum deyil. Təbii ki, biz istərdik ki, İran və Azərbaycan arasında münasibətlər gərginləşməsin.
Amerikanın Səsi: İran və Azərbaycanın rəsmi qurumları bir-birini terror aktlarında işirakda, həmçinin casus şəbəkəsi, qanunsuz silahlı birləşmə yaratmaqda günahlandırır. Sizcə bu məlumatlar reallığı əks etdirirmi, yoxsa siyasi təzyiq vasitəsi kimi səsləndirilir?
İlham İsmayıl: Bilirsiniz, burada daha çox bizə qarşı ittihamlar var. İranın bizə hansı ittihamı var? Biz bu günə kimi nəinki terror, heç ideoloji təxribatlar da törətməmişik. Amma İran tərəfdən Azərbaycana qarşı kifayət qədər terror cəhdləri olub. Biz bunu zamanında hətta Bakıda keçirilən "Eurovision" yarışması ərəfəsində də hiss eləmişdik. Dini ekstrimist xətti ilə, din bayrağı altında müəyyən addımlar atıblar, gərginliklər yaradıblar. Ən əsası isə casus şəbəkəsi. Bilirsiniz İranın casus şəbəkəsi, İranın kəşfiyyatı Azərbaycan ərazisində kifayət qədər öz şəbəkəsini 90-ci illərdən bəri yerləşdirməyi bacarıb. Onların xarakterik xüsusiyyətlərindən biri odur ki, açıq şəkildə kütlələrdə islam inqilabı ekspansiyası xətti ilə, islam bayrağı altında iranpərəstlik yaradıb. Azərbaycanın mövcud dünyəvi dövlət quruluşuna qarşı şəriət quruluşunu yaratmağa addımlar atır. Casus şəbəkəsində isə fərqlidir. Casus şəbəkəsində məsələlər birbaşa hərbi məsələlərlə bağlı olur. Terror törətməklə bağlı olur, dini ekstrimizm olur. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyatlarını gördünüz. Orada şübhəli bilinən şəxslər nədə ittiham olunur? Onları Suriyaya aparırlar. Dəməşq ətrafında silah atmağı öyrədirlər, partladıcı maddədən istifadə etməyi öyrədirlər. Təbii ki, bu istifadənin bir nəticəsi olmalıdır. Nəticə, hədəf kimdir? Azərbaycandır. İstifadə olunan kimlərdir? Azərbaycan vətəndaşlarıdır. Bu istiqamətə yönəldən yenə kimlərdir? İranda məskunlaşmış, Azərbaycan əleyhinə fəaliyyət göstərən Azərbaycan vətəndaşlarıdır. İran şəbəkəsi onları orada saxlayır. Onların əli ilə bu işləri görürlər. Hesab edirəm ki, DTX-nın İran casus şəbəkəsinə qarşı yönəlmiş fəaliyyəti bölgə üçün təhlükəsizlik məsələsində önəmli məsələdir.
Amerikanın Səsi: Sizə ABŞ və Avropa İttifaqının sanksiyaları altında olan İranla Azərbaycan münasibətlərini necə nizamlaya bilər? İranın Azərbaycana qarşı təhdidləri nə ola bilər?
İlham İsmayıl: Ümumiyyətlə İran sanksiyalara məruz qalmış bir ölkədir. Amma biz bu sanksiyalara heç vaxt rəvac verməmişik. Azərbaycan həmişə bu sanksiyalardan kənar qaçıb. Həmişə mehriban qonşuluq siyasəti aparıb. Qoşulmayıb sanksiyalara. Baxmayaraq ki, özünə qarşı da təhlükə ola bilərdi. Üstəlik, İran bizi ittiham edir ki, biz hər hansı bir ikinci, üçüncü dövlətə İran əleyhinə fəaliyyət göstərməkdə guya şərait yaratmışıq. Ortada isə sübut yoxdur. Adətən deyirlər ki, İsrail burada möhkəmlənir. Necə möhkəmlənə bilər? Azərbaycanla dostluq münasibətləri var. İki ölkə arasında münasibət normaldır. Bizə siyasi, hərbi dəstək verir. Amma Azərbaycan ərazisində nə bir İsrail əsgəri, nə bazası var. Ümumiyyətlə heç bir ölkənin bazası yoxdur. Yalnız Rusiyanın bazası var. Onu da hamı bilir ki, Qarabağ məsələsində Rusiya qoşunları oradadır. Yəni İranın ittihamları sübut olunmur. Biz dəfələrlə demişik ki, sübut edin. İran sübut olunmayan məsələləri ortaya qaldırmaqla, bizi hədələyir, hətta təhdid edir. Amma hesab edirəm ki, bizim son dövrlərdə verdiyimiz cavablardan İran artıq müəyyən dərslərini çıxarar ki, normal münasibətlər saxlamaq lazımdır. Əgər iki qonşu dövlət arasında nə qədər normal münasibətlər olarsa, bir o qədər yaxşıdır. Çünki, bölgənin inkişafı üçün lazım olacaq. Süni maneələr, hər hansı bir imperiya ambissiyası ilə yaşamaq həm bölgənin sabitliyinə, həm də iqtisadi inkişafa mane olacaq.
Qeyd: Son zamanlar hər iki ölkənin parlamentinin deputatları da daxil olmaqla, rəsmi şəxsləri, media qurumları bir-birinə qarşı kəskin tənqidi çıxışlar edir. Noyabrın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə edib.
"Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər Nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb. Telefon danışığı zamanı nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər" , məlumatda qeyd edilir.
Gundemxeber.az
2-11-2017, 11:22
6-03-2017, 01:17
29-03-2018, 11:15
11-12-2018, 15:42
16-04-2017, 18:00
Sorğu
Yeni dizaynımız necədir?