Gundemxeber.az » GündəmXəbər » Vasif Talıbov və ətrafı “ağ bayraq” qaldırır - İLGİNC DETALLAR
10 gündür ki, mətbuat Naxçıvandakı həbslər və bunu doğuran səbəblər barədə yazır. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyatda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi aşkara çıxarılıb və bir neçə yüksək vəzifəli məmur Bakıya gətirilərək həbs edilib. Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Turan oğlu Əsgərovun 132 milyon manat dövlət vəsaitini mənimsədiyi ortaya çıxıb və o, 4 ay müddətinə həbs edilib.
Ardınca, noyabrın 28-də ölkə başçısının fərmanı ilə Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.
Muxtar respublika rəhbərliyi baş verənlərlə bağlı heç bir açıqlama vermir. Manşet.az saytı xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla əlaqə saxlamağa cəhd edib. Bir neçə cəhddən sonra telefonu Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov açıb. O, saytın suallarını qısa cavablandıraraq bunları deyib: “Aparılan əməliyyatlarla bağlı geniş heç nə deyə bilmərəm. Hər halda, əməliyyatlar başqa yerlərdə də aparılıb”.
“Bəs Ali Məclisin sədri bu olayları necə qarşılayır” sualına Ramiz Məmmədov belə cavab verib: “Siz necə qarşılayırsız? Hər bir zaman islahatlar ola bilər. Dövlətin apardığı islahatları heç kəs müzakirə edə bilməz”.
Antikorrupsiya əməliyyatının Naxçıvanın bütün sahələrini əhatə etdiyini nəzərə alsaq, yeni həbslərin olacağı ehtimalı da yüksəkdir. Azərbaycan qanunlarının heçə sayıldığı Naxçıvanda nazirlər, xidmət rəisləri, komitə sədrləri uzun illər tabelikdə olan qurumları özlərinə xas qayda-qanunlarla idarə ediblər.
Qanunların işləmədiyi qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətidir. Bu barədə Azpolitika.info-ya məlumat verən mənbə deyib ki, xidmətin rəisi, general-mayor Şahin Nəbiyev də digər səlahiyyət sahibləri kimi dövlət idarəsini öz qanunları ilə idarə edib. MR-dəki mənbənin sözlərinə görə, xidmətin əməkdaşları sözün əsl mənasında qul kimi işlədilirlər. Ev üzünə həsrət qalan xidmət işçiləri nəinki bayram günlərində işə çıxır, hətta məzuniyyətə belə buraxılmırlar. Nurəddin Əzimov adında işçi var, amma üzünü görən yoxdur...
Mənbə qeyd edir ki, kiçik bir səhv etdiyinə görə xidmətin binasında işçini “dubinka” ilə döyən Nəbiyev, özünü MR-dəki hakim ailənin ən yaxın adamı kimi göstərməyə çalışır: “Burada onlarla adı olub, özü olmayan işçi var. Bu şəxslərdən tanınmışı Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimovun oğlu Nurəddin Əzimovdur. İllərdir bu idarədə işləyir, ancaq nə işə gəlir, nə də üzünü görən var. N.Əzimov da öz növbəsində yaxın adamı Rəfael Salmanovu burada işə düzəldib. O da Əzimov kimi idarənin yolunu tanımayanlardandır”. Mənbə deyir ki, Nurəddin Əzimova Miqrasiya Xidmətindəki bu imtiyaz, ilk baxışdan zənn edildiyi kimi, atasının hesabına verilməyib. Belə ki, o, hakim ailənin yaxın qohumudur - Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun qayınıdır.
Onu da qeyd edək ki, bir sıra KİV-lərdə yayılan məlumatlara görə, Naxçıvan Muxtar Respublikası ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq. Bu barədə qeyd olunur ki, yaxın günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri (“Bravo” - red.) ilk dəfə olaraq xidmət göstərəcək. Vasif Talıbovun köməkçisinin açıqlamasından və gələn xəbərlərin təhlili onu göstərir ki, Ali Məclis sədri və ətrafı Bakıya müqavimət göstərmək gücdə deyillər və “ağ bayraq” qaldırmaq əhvalındadırlar.
Ovqat.com saytının baş redaktoru, siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a bildirib ki, Vasif Talıbov öz taleyi ilə barışıb. “Vasif Talıbovun artıq müqavimət göstərmək gücü yoxdur. Bu vaxta qədər Rusiyanın "5-ci kolon"u tərəfindən idarə olunurdu. İndi isə Rusiya bölgədən çəkilir, Türkiyə ilə dostluq münasibəti qurmaq məcburiyyətindədir. Avropanın, Amerikanın Azərbaycanda çox ciddi maraqları var. Azərbaycan özünü yenidən ayarlamaqdadır. Buna görə də Vasif Talıbov Bakıdan verilən qərarlarla razılaşmaq məcburiyyətindədir. Əks halda, onu çox ağır tale gözləyir. Görünür, bunu başa düşür. 27 il Naxçıvanı idarə etməsinə baxmayaraq, başa düşür ki, geri addım atmasa, çox ağır bədəl ödəməli olacaq. Buna görə də Naxçıvanda aparılan islahatlarla razılaşması, özünün köməkçisi üzərindən baş verənləri islahat kimi görməsi müsbət bir hadisədir", - deyə siyasi şərhçi bildirib.
Onun sözlərinə görə, Naxçıvanda son 10 gündə həyata keçirilən əməliyyat və paralel aparılan restruktrizasiya Vasif Talıbov və başına yığdığı klanı üçün “soyuq duş” effekti verib: “Cəzanın məqsədi kimisə məhv etmək, qisas almaq deyil, islah etməkdir. Naxçıvanda aparılan islahatlar da məhz oradakı "xanlığın" əvəzinə normal idarəçilik gətirməkdir. Açıq-aydın görünür ki, Naxçıvan 10 gün əvvələ qədər olduğu kimi idarə olunmayacaq. Vasif Talıbova gerçəkləşdirilən islahatlarla barışmamaq haqqı da tanınmayıb. Barışmalıdır! Özünə yaxın media üzərindən açıqlaması da geri addım atdığını, geri çəkildiyini təsdiqləyir. Vasif Talıbov başa düşüb ki, dövlətin iradəsinə qarşı çıxıb dövlətlə döyüşə girə bilməz. Bu vaxta qədər separatçı bir mövqedə idilər, artıq ondan geri çəkilirlər".
Siyasi şərhçi deyir ki, Vasif Talıbovun Naxçıvanda zərrə qədər hörməti yoxdur: “Orada bir xalq hərəkatı başlasa, o, Bakı ilə ziddiyyətə girmiş olsa, Vasif Talıbovu Qəzzafidən daha ağır aqibət gözləyə bilər. Bunu Vasif Talıbov çox gözəl bilir. Çünki Naxçıvanda körpəsindən tutmuş ağsaqqalına qədər hər kəsin haqqını yeyib deyə hər kəs ona düşmən mövqeyindədir. İnsanları dəhşətli işgəncələrə məruz qoydurub. Bu gün dünyada yaşayan ən əzazil hökmdar bəlkə də Vasif Talıbovdur. Naxçıvan illərlə ağılla, məntiqlə deyil, özünün istədiyi kimi idarə edib”.
Siyasi şərhçi Vasif Talıbovun Azərbaycan hakimiyyətinə, Azərbaycan insanına qarşı düşmən mövqeyinə çəkilməsinin bir neçə səbəbinin olduğunu deyir: “O, Naxçıvanda Rusiyanın missiyasını yerinə yetirib. Rusiya bir çox dövlətlərdə bu şəkildə özünün "inzibati-siyasi minalarını" yaradır. Biz bunu Qarabağda görmüşük. Azərbaycan torpağında yaşayan erməniləri Azərbaycana qarşı ayağa qaldırıb dəstək verdilər. Nəticədə Qarabağ problemi yarandı və Rusiya 30 ilə yaxın bu münaqişə üzərindən regiondakı hərbi-siyasi mövcudiyyətini davam etdirdi. Həmin şəkildə Naxçıvanı da Azərbaycana qarşı qaldırmaq niyyətləri vardı. Bunun üçün uzun illər Vasif Talıbovla iş aparılıb, Naxçıvanda əhaliyə qarşı divan tutulması, Naxçıvandan əhalinin dərbədər salınması bu plana xidmət edib".
Ekspert deyib ki, səbəblərdən biri də Vasif Talıbovun daxili ambisiyalarıdır: “Onun Bakıdakı vəzifələrdə gözü vardı. Dəfələrlə açıqlamışıq ki, Vasif Talıbov vitse-prezidentlik iddiasında idi. Qüdrət Həsənquliyev də onun ambisiyaları haqda bu fikirləri dedi. O, Azərbaycanda ikinci şəxs olmaq istəyində idi. Faktiki olaraq o, bu hakimiyyətə malik idi. Vəzifəyə gedən istənilən məmur istisnasız olaraq xərac alırdı. Məsələn, mən Azərbaycanda hansısa vəzifəyə getmək istəyirəmsə, mütləq şəkildə gedib Vasif Talıbova xələt verməli, onun razılığını almalı idim. Yoxsa Vasif Talıbov bu təyinatın qarşısını almaq imkanına malik idi. Vasif Talıbov faktiki olan bu səlahiyyətini rəsmiləşdirmək niyyətində idi. Bakını bəyənməyən, Bakıya bağlı olan bütün nə varsa düşmən mövqeyində idi. Ölkənin hər yerində olan iri ticarət şəbəkələrini də Naxçıvana buna görə buraxmırdı. İndi isə vəziyyət dəyişib, artıq bu istiqamətdə də işlərin getdiyi haqda xəbərlər gəlir”.
Siyasi şərhçi deyir ki, Rusiyanın çöküşünü Vasif Talıbov da anlayıb və onun üçün özünə yeni himayədar axtarıb: “İranın Vasif Talıbovu açıq şəkildə dəstəkləməsinin səbəbi də budur. İran tərəfi Azərbaycan hakimiyyətinin Naxçıvandakı əməliyyatını dövlət çevrilişi kimi qələmə verir. İran Azərbaycan Qarabağda 44 günlük Vətən müharibəsi apardığı günlərdə də eyni mövqeni sərgiləyirdi. İran "xoruzun quyruğu"nu özü də istəmədən elə burada göstərmiş olur “.
Siyasi şərhçi deyir ki, Vasif Talıbovun və yaxın ətrafının əlindəki bütün mal-mülk, vəsait milliləşdirilməlidir: “Ədalətli məhkəmə qurulmalı, Vasif Talıbova və ətrafına hüququn dili ilə, qanunları sərt üzünü göstərməklə əllərindəki mal-mülkün, külli miqdarda vəsaitin büdcə pulları hesabına əldə edilməsi sübut olunmalı və milliləşdirilməlidir”.
Siyasi şərhçi Vasif Talıbovun oğlu Seymur Talıbovun Naxçıvanda tikdirdiyi it damından danışıb: “Sosial şəbəkədəki hesabımda həmin it damının fotosunu paylaşmışam. Həmin it damı əməlli-başlı villadır. Təsəvvür edin ki, Naxçıvanda insanlar evində pul verib qaz ala, yandıra bilmir. Xalq artisti vardı, Vasif Talıbovun xoşuna gəlməyən bir söz demişdi, işdən çıxarmışdılar. Həmin xalq artistinin evi Seymur Talıbovun it damının yanında daxma idi. Halbuki xalq artisti 40-50 il Azərbaycan mədəniyyətinə xidmət edib. Talıbovlar, ümumiyyətlə, Naxçıvanda yerli əhalini bəyənmirlər. Təsəvvür edin ki, gedib Banqladeşdən, Afrikadan özlərinə xidmətçi gətirirlər, amma işsiz-gücsüz yerli əhaliyə iş vermirlər. Təbii ki, bu da insanlarda Vasif Talıbova qəzəb yaradıb, ona qarşı xalqda olduqca aqressiv münasibət formalaşdırıb. Xalqlar yaralı aslanlara oxşayır, diktatorlar da aslanın belinə minmiş biriləridir. Bilirlər ki, aslanın belindən düşən ki, parça-tikə olacaqlar. Vasif Talıbov da bu gün həmin durumdadır. Onun kreslodan bu şəkildə iki əlli yapışması bu münasibətdən formalaşır. Artıq Naxçıvanda Vasif Talıbov dərəbəyliyi bitib. Yaxın zamanda bu rəsmiləşəcək”./“Yeni Müsavat”/
16-11-2017, 15:10
9-07-2019, 16:18
10-11-2018, 15:41
22-12-2017, 11:50
9-04-2014, 10:40
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?