Bildiyiniz kimi, hazırda xaricdə təhsil almaq istəyən şəxslərdən iki beynəlxalq İngilis dili imtahanından - TOEFL və IELTS birini vermək tələb olunur. Çünki dünya universitetləri xaricdən tələbə qəbul edərkən məhz bu imtahanları tələb edirlər. Bu gün ölkəmizdə isə daha çox IELTS (International English Language Testing System) imtahanına maraq göstərilir. Onu da qeyd edək ki, namizədlər İngilis dili səviyyəsini qiymətləndirmək üçün tərtib olunan sözügedən imtahanı kağız və ya kompüter üzərində verə bilərlər.
Nəzərinizə çatdıraq ki, təxminən dünyada 2 mindən çox universitet və kollec bu imtahanın nəticəsini qəbul edir. IELTS imtahanını daha çox Böyük Britaniyada təhsil almaq istəyən tələbələr verirlər. İmtahan iki variantdan ibarətdir: akademik test və ümumi test. Qiyməti 370 manat olan imtahanın nəticəsi alındığı tarixdən 2 il müddətində etibarlıdır və maksimum imtahan balı 9 olur. Ölkəmizdə bu imtahan yalnız "British Council" təşkilatı tərəfindən təşkil edilir.
IELTS imtahanı ilə bağlı qısa məlumat verdikdən sonra mətləbə keçə bilərik. Beləliklə, Hurriyyet.az-a daxil olan məlumatda deyilir ki, Naxçıvan Dövlət Universitetində IELTS imtahanı tamam fərqli üsulda həyata keçirilir, daha dəqiq desək ciddi pozuntulara yol verilir. Bu barədə əldə etdiyimiz informasiyaya görə, Naxçıvan Dövlət Universitetində "British Council" təşkilatının mərkəzi yaradılıb və ali təhsil müəssisəsinin istifadəsinə verilmiş kompüter və.s zəruri avadanlıqlar IELTS imtahanında istifadə olunur. O da qeyd olunur ki, Naxçıvan Dövlət Universitetində İngilis dili ixtisasında təhsil alan tələbələr, hətta müəllimlər IELTS imtahanına məcburi qaydada cəlb edilirlər. Halbuki, bu imtahan ancaq xaricdə təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub: "Bundan başqa, ixtisasından asılı olmayaraq, magistratura tələbələrini də IELTS imtahanı verməyə məcbur edirlər. Yəni, ingilis dili ilə əlaqəsi olmayan ixtisası bitirən şəxs magistraturaya girsə, onda yenə də 370 manat verib IELTS imtahanı verməlidir. Hələ bu, harasıdır. Hər imtahan olanda yer dolsun deyə, İngilis dili müəllimlərini məcburi şəkildə imtahana cəlb edirlər. Bu səbəbdən də eyni ildə 2 dəfə imtahana girən muəllimlər də var. Onu da qeyd edim ki, normalda IELTS imtahanı iki versiyada - kağız üzərində və kompüter əsaslı keçirilə bilər. Naxçıvan Muxtar Respublikasında açılan IELTS mərkəzi isə imtahanı sadəcə kompüter əsaslı keçirir. Nəticədə keçirilən imtahanın keyfiyyəti də kompüterlərdə çıxan problemlərə (məsələn dinləmə imtahanında səs eşidilmir və.s) görə aşağı düşür".
Verilən məlumatda o da bildirilir ki, Naxçıvan Dövlət Universitetində IELTS imtahanı zamanı keçid balı kimi 9 bal üzərindən 5 bal götürülüb: "Halbuki, 2022-ci ilin ilk yarısında keçirilən imtahanlarda bu keçidi keçməyən tələbələrə, sözdə diplom verilməyəcəkdi ki, bu da yalan idi. Belə ki, bal məhdudiyyətindən asılı olmayaraq bütün tələbələr məzun oldular. Sözügedən imtahan 2 il keçərlidir ki, bu da magistr üzrə təhsil alacaq tələbələr üçün xüsusilə zaman və maliyyə itkisidir. Çünki iki illik magistr təhsili zamanı bu keçərlilik müddəti bitir. Yəni, həmin imtahan nəticəsi bir növ lazımsız olur. Eynilə oğlan tələbələr universitetdən sonra hərbi xidmətə cəlb olunduğundan, yenə də keçərlilik müddətinə görə imtahan onlar üçün xüsusilə əlverişsizdir". Deyilənlərə görə, bütün bunlar, yəni Naxçıvan Dövlət Universitetində yaşanan olaylar aysberqin yalnız görünən hissəsidir, arxa fonda daha çox ciddi məsələlər, neqativ hallar mövcud olduğundan tezliklə onlar barəsində də ətraflı məlumat verməyə çalışacağıq./hurriyyet.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?