Bütün Azərbaycan xalqı, AŞPA, Avropa Parlamenti, ABŞ Dövlət Departamenti, Konqresi, Konqo hökuməti... Ermənistan parlamenti və hökuməti biləndən sonra müdrik və uzaqgörən Acərbaycan hakimiyyətinə də çatdı ki, Tərtərdə minlərlə günahsız insana qarşı dövlət terroru həyata keçirilib! Şükür, ölmədik, bu günü də gördük!
Bu gün deputat Zahid Oruc parlamentdə çıxış edərək keçmiş baş prokuror Zakir Qaralovu və hərbi prokuror Xanlar Vəliyevi Tərtər hadisələri ilə bağlı dövlətə və prezidentə xəyanətdə suçlayıb.
O necə dövlətdir ki, onun baş prokuroru və hərbi prokuroru qanunçuluğun keşiyində durmaq əvəzinə mütəşəkkil cinayətkar dəstə yaradıb minlərlə insanın ən ağır işgəncələrə məruz qalmasının, azı 14 günahsız vətəndaşımızın işgəncə ilə öldürülməsinin təşkilatçısı qismində çıxış edirlər?! Və onlar niyə hələ də azadlıqdadır?!
Biz Milli Şura olaraq 2017-ci ildən "Tərtərdə insanlıq vəhşəti yaşanıb" deyə bar-bar bağırırıq, mən 19 yanvar mitinqinin tribunasından üsyan etdim, niyə reaksiya vermədiniz?!
14 günahsız gəncin anasına, atasına, övladına deyəcək sözünüz varmı?! Onların üzünə necə baxacaqsınız?! El adətilə dəfn etməyə belə izn verməyib murdar ət kimi çöllüyə basdırdığınız məsum oğulların ruhu qarşısında özünüzə necə bəraət verəcəksiniz? Axı onlar da sizin balalarınız kimi yaşamaq, xoşbəxt olmaq istəyirdilər...
Yazmaq belə əzabdır...Taleh Bağırzadəyə Nardaran hadisələrinə görə verdiyiniz zülmə dağ dözməzdi, ərirdi, o necə dözdü, bilmirəm. Və bu günlərdə ABŞ Nardaran faciəsinə görə ilk azərbaycan məmurunu- DİN polkovnikini sanksiya siyahısına saldı. Yəni, Nardaran hoqqabazlığına görə üzünüzə vurulan sillə idi bu. Ancaq Taleh bəydən hələ də əl çəkmirsiniz.
Gəncə zülmü də fərqlənmir.
Bu qədər taleləri niyə məhv etdiniz? Nəyin uğruna hələ də məhv etməkdəsiniz?
Putinə qalmayan dünya, sizəmi qalacaq!
Tərtər, Nardaran, Gəncə şəhidlərinin ruhu qarşısında baş əyirəm. Analarına Allahdan səbir diləyirəm, ancaq bilirəm ki, Cəhənnəmə çevirdiyiniz bu həyatda onları heç kim heç nə ilə təsəlli edə bilməz.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?