Naxçıvandan gələn xəbərlər içində telefon haqqının Bakıdan 35 qəpik baha olması haqqında informasiya yanlışdır. Nədən təkcə Naxçıvanda deyil, bütün ölkədə, baş şəhərimiz Bakı da içində olmaqla, telefon haqqı, Tarif Şurasının qərarında nəzərdə tutulduğu kimi noyabrdan 3.50 manat yox, 3.85 manat təşkil edir. Başqa sözlə, telefon xidməti inhisarçı hökmranlığından yararlanaraq, özbaşına yeni tarifə 10 faizlik -35 qəpik əlavə edib. Abonentin – istehlakçının həddi nədir ki, qanunvericiliyə uyğun olaraq 3.50 manat ödəsin, anında borc adına telefon xidmətindən məhrum olacaq. Yeri gəlib, bu sətirlərin yazarının telefonu 59 qəpik “qəbz borcu” adına noyabr ayında kəsilib, dekabrdakı bildirişdə borc məbləği 69 qəpik göstərilməklə “danışıq borcu” kimi sırınır. “Qəbz borcu”nun “danışıq borcu”na çevrildiyini anladıq, bəs telefon işləmədiyi halda 10 qəpiklik danışığın haradan qaynaqlandığını necə anlayaq? Belə bəlli olur ki, telefon xidməti dələduzluqla məşğuldur, Konstitusiyaya, istehlakçı hüquqlarına hörmətsizlik edir. Konstitusiyanın 73-cü maddəsinin ll hissəsində heç kəsin qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və digər dövlət ödənişlərini ödəməyə məcbur ediləbilməzliyi doğrulanıb.
Bəs niyə telefon xidməti qanunda nəzərdə tutulmadığı halda , qanunda göstərilən 3.50 manatdan 35 qəpik artıq ödəniş tələb edir və inhisarçı mövqeyindən yararlanaraq zorla alır?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəs hara baxır?
Tarif Şurasının heç bir sosial – iqtisadi əsaslandırma olmadan telefon abunə haqqını birdən- birə 40 faiz artırması bir yana, hələ üstəlik bu artıma telefon xidmətinin də 10 faiz -35 qəpik əlavə etməsi özbaşınalığına kim son qoymalıdır? Nə yazıq, Tarif Şurası da, inhisarçılıqla mübarizə aparan Xidmət də İqtisadiyyat Nazirliyinin başçılığı altında “döyüşür”. Həmişə də Şura qalib olur. 35 qəpik əlavənin nədən qaynaqlandığına hələ də aydınlıq gətirilmir. Daxil olan zəngləri müəyyən etməkdən yanadırsa, telefon xidməti bunu etməyə borcludur. Bəyəm xidmətin başqa adı var? Yoxsa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adi bir yaxmaya görə ən azı 40 manat test haqqı tutması kimi, bu xidmət də “xidmətlər zərfi”nə daxil edilməyib
Ümidli olmasaq da, bağlantılı dövlət qurumlarının Konstitusiyanı, istehlakçı hüquqlarını kobud şəkildə pozan telefon xidmətinin qanunsuz xidmət haqqı tutmasına hüquqi qiymət verilməsini təmin edəcəyini güman edirik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?