Atalar deyiblər, “ilanın ağına da lənət, qarasına da”. Bu deyimi yersiz işlətdiyimi fikirləşənlər yanılır.
Demək istəyirəm ki, media qurumları daha çox “Azərcell”i qaralayıblar, amma “Bakcell” də “süddən çıxmış ağ qaşıq” deyil. Baxın, “Bakcell” müddət bitmədən, xəbərdarlıq etmədən bir gündə Qarabağ qazisinin 2 nömrəsini eyni gündə -30.12.2022-ci ildə ləğv edib. Çoxsaylı şikayətlərdən sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov 16.02.2023 tarixli elektron məktubla bildirib ki, müştəri məmnunluğunu təmin etmək məqsədilə “Bakcell” hər iki nömrənin və balansdakı vəsaitin bərpa edilməsini təmin etməyə söz verib. Di gəl, 22.02.2023-cü ildə “Bakcell”in Neftçilər müştəri xidmətləri ofisində nömrənin balansındakı vəsaiti nəinki bərpa ediblər, əksinə mənimsəyib, nömrəni yiyəsinə 3 manata satıblar. Bunun adı dələduzluq deyil, bəs nədir?
16.03.2023-cü ildə həmin müştəri xidmətləri ofisində digər nömrəni də eyni qaydada yiyəsinə satmaq istəyən xidmət qurumunun əməkdaşına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron məktubu təqdim edilsə də, önəm daşımadığı, yalnız kağız məktublara baxıldığı bildirilib. Axı İqtisadiyyat Nazirliyi “Bakcell”ə istinadla nömrələrin ödəniş edilmədən bərpa ediləcəyini diqqətə çatdırıb. Belə çıxır, atalar demişkən, dəyirman bildiyini edir, çax-çax baş ağrıdır?! Bəyəm müştəri məmnunluğu nömrənin yiyəsinə satılması, balansın mənimsənilməsi ilə təmin olunur?
Deyəsən, dələduzluğun yeni nömrəsi icad olunub. Mobil nömrə özbaşına ləğv olunur və yenidən yiyəsinə satılır. Balansdakı vəsait də mənimsənilir. Yaxşı nömrədir, amma məmnun olan nömrəsindən məhrum olan müştəri yox, nömrə gələn xidmət qurumu olur. Bu məmnunluğa son qoymaq isə istehlakçı hüquqlarının müdafiəsinə cavabdeh olan dövlət qurumunun üzərinə düşür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?