Xatırladaq ki, bu günlərdə “Zaqatala Rayon Mərkəzi Xəstəxanasında rüşvət tuğyan edir” başlıqlı məqalə dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlara görə ötən ilin avqustunda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilmiş Tamara Nurəliyeva oranı bazara çevirib. Belə ki, o, kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadınla əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbəmiz bildirirdi ki, Gülnarə xanım hətta qohumlarından belə rüşvət alıbdır ki, güya onları xəstəxanada işlə təmin edəcəkdir. Bu iki korrupsioner Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Məlumatda bildirilirdi ki, xəstəxananın Emin adlı “şillə vuran”ı da var. Eyni zamanda iddia edilirdi ki, Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara həmin kameraları quraşdırıb. T.Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxsin əliylə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında birbaşa əsas fiqurlardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir. Qeyd edək ki, bu xəstəxanada anoloji problemlər illərdir ki, var. Deməli rəhbər dəyişikliyinin bir müsbət təsiri olmamışdır. Xatırladaq ki, təxminən iki il bundan əvvəl də KİV-də Zaqatala rayon Mərkəzi Xəstəxanasından narazı olan N.Əliyeva adlı rayon sakininə istinadən məlumatlar getmişdi. Həmin şəxs bacısının Zaqatala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyini, bacısının və digər tanışlarının xəstəxanaya pul verərək işə düzəldiklərini iddia edirdi. N.Əliyevanın özü də xəstəxanada problemlə qarşılaşıbmış. Onun iddiasına görə, xəstəxananın şəhər poliklinikasının müdiri Məmmədrəsul Teyyubov pul almadan sənədə möhür vurmurmuş: “Anamın pensiya işi ilə bağlı xəstəxanaya müraciət etmişdik. Həkim M.Teyyubov anamın sənədinə möhür vurmadı. Axırda araya tanışları salandan, 100 manat da pul verəndən sonra baxmağa razılıq verdi”. Daha bir rayon sakini Qurban Ramazanov da iki il bundan əvvəl xəstəxanadan şikayətçi olubdur. O danışırmış ki, bir neçə gün öncə uşağının qolu sındığı üçün xəstəxanaya aparıb. Lakin gecə növbəsində olan rentgenoloq yerində olmadığından onu evindən gətirmək məcburiyyətində qalıb: ” Uşağın qolu sınıb, ağrıdan dayana bilmir, həkim yoxdur. Axır, gedib həkimi özüm evindən gətirmişəm. Xəstəxana işçiləri də elə davrandı ki, elə bil belə də olmalıdır – xəstə həkimi özü gətirməlidir”. Q. Ramazanovun dediyinə görə, bunlardan sonra hələ həkimə əlavə pul da verib: “Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır”. Şikayətçinin sözlərinə görə, həkimlərin savadında problem yoxdur, sadəcə müdiriyyət rüşvətə bulaşıb və onları işləməyə qoymur: “Həkimlər də deyir ki, işə pul verib girmişəm, o pulu yığıb gedəcəm”. Zaqatala rayon Mərkəzi Xəstəxanasından bu qədər şikayətin olması birinci dəfə deyil. İllərdir ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) rayon sakinlərinin xəstəxanadan şikayətləri paylaşılır. Şikayətlər daha çox xəstələrə düzgün diaqnozun qoyulmaması, həkim səhlənkarlığı, rüşvətxorluq və buna bənzər digər məsələlərlə bağlı olur. Sakinlər hər dəfə eyni problemləri səsləndirirlər. Bəs bu problemlər niyə hələ də həll olunmur? Görəsən əlaqədar qurumlar nə zaman lazımi tədbirlər görəcəkdir?! Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. //Aktualxeber//
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?