Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun başı şəxsi maraqlarına necə qarışıbsa, vətəndaşların problemlərinə əhəmiyyət vermək belə istəmir. Prezidentin qarşısında iki qat əyilib poza vermək, heç də ölkədə hər şeyin qaydasında olması demək deyil. Göründüyü kimi məmurların vətəndaşlara olan mənfi münasibətləri günü-gündən ölkədə vəziyyəti ağırlaşdırır və işsizliyin sayını artırır. Bu kimi ədalətsizliyin nə vaxta qədər davam etməsi heç kimə bəlli deyil.
Bu günlərdə Redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C. Cabbarlı küçəsi, ev-20 ünvanında yaşayan Nəbiyev Razin Mustafa oğlu tərəfindən müraciət daxil olub. Müraciət edən şəxs yazır: “Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi adlanan ərazidə xüsusi mülkiyyətimdə olan 0,0664 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən adıma verilmiş 308013116918 nömrəli Çıxarışa əsasən şəxsi mülkiyyətimdədir. Məlumdur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən digər məqsədlər üçün istifadə olunma, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 13-cü bəndində nəzərdə tutulmuş qaydalar əsasında dəyişdirilir və bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə də təsdiq olunub. Ailəmiz aztəminatlı ailələrdən biri olduğu üçün, gələcəkdə dolanışıq şəraitimizin yaxşılaşdırılmasına köməklik göstərilməsi məqsədilə, şəxsi mülkiyyətimdə olan torpaq sahəsində xırda ticarətlə məşğul olmaq üçün kiçik obyekt inşa etdirməyi nəzərdə tutmuşam. Qeyd edim ki, şəxsi mülkiyyətimdə olan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti Aparatına, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi qaydada məktubla müraciətlər etmişəm və adı çəkilən dövlət qurumlarından məsələyə etiraz olunmadığı barədə cavablar verilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərdiyim məktubuma İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaq Agentliyində baxılmış və Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 saylı qərarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqların yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsinə aid lazımi sənədlər dərkənar məktubu əsasında Nazirlər Kabinetinə göndərilmişdir. Artıq iki ildən artıqdır ki, bununla bağlı rəsmi qaydada cavab əldə etmək üçün Nazirlər Kabinetinə müraciət etsəm də, bugünə qədər mənə heç bir cavab verilməyib”.
Nəbiyev Razin Mustafa oğlu adlı şəxsin redaksiyamıza ünvanladığı müraciətinin varlığını əsas tutaraq, bu haqda məlumatı ictimaiyyətin diqqətinə çatdırmağı məqsədəuyğun hesab etdik. Ona görə də təqribən iki il bundan öncə Razin Nəbiyevə aid Nazirlər Kabinetinə daxil olmuş sənədlərə dair qərarın nə vaxt veriləcəyi ilə bağlı cavabın verilməsi sual altındadır. Sonra da ağızdolusu ilə deyirlər ki, qeyri-neft sektoru belə getdi, vətəndaşların iqtisadi-sosial rifahı elə getdi.
Bu da ölkə başçısının ictimai nəzarət sektorundan istədiyi siqnal.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?