"Dənizkənarı bulvarda skuterlərlə bağlı qadağa nişanı olsa da, nişanın 2-3 metrliyində skuter icarə verən yerlər mövcuddur".
Gundemxeber.az xəbər verir ki, bu barədə tanınmış jurnalsit Əzizə İsmayılova Feysbuk səhifəsində paylaşım edib.
Bulvardan video paylaşan jurnalist bildirib ki, skuter sürən şəxslər həm insanlara mane olur, həm də təhlükə törədir:
“Video dünən axşam 7-8 aralığında çəkilib. Mötəbər Dənizkənarı Bulvar İdarəsi (DBİ) bulvara gələn sakinlərlə belə bir “duzlu zarafat” edir. Bulvarda işıq sürəti ilə o tərəf, bu tərəfə şütüyən skuter və velosipedlər digərlərinin istirahətinə haram qatır. Xüsusən, yaşlı və azyaşlılar üçün vəziyyət dözülməz həddə çatır. Narazılığın olduğunu görən idarə bir sıra qurumlarımız üçün keçərli olan ənənəvi üsula əl atır. Yəni, sağ göstərib sol vurur. Əvvəlcə mediaya açıqlama verirlər ki, bulvarda skuter və velosiped sürmək qadağan olunub, əraziyə müvafiq qadağa nişanları qoyulub və durum ciddi nəzarətə götürülüb. 3-4 gün keçir, ortalıq sakitləşir və budur , “Zəhra, gəl bir də….Balam heeey” başlayır. Düz mərkəz nöqtələrdə, insanların metrodan və ya “Tarqovı”dan bulvara keçdiyi yerdə - tən ortada qadağan nişanı, ikicə metr kənarda isə “skuter icarəsi” ilə qarşılaşırlar. Xidmətin təklifi varsa, təbii ki, müştərisi də olacaq. Bu skuteri götürən gənc onu harada sürməlidir? Evinə aparmalıdır, yoxsa avtomobil yoluna çıxmalıdır? Hörmətli, DBİ, izah edə bilərsinizmi, skuter və velosipedə qadağa qoymağınız nədir, altında “bazar” qurmağınız nədir? Xidmətdən istifadə qadağan olunan yerdə bu xidmət niyə var?”
Ə.İsmayılova bulvar mühafizəçilərinin fəliyyətsizliyindən də şikayətlənib:
“Əvvəllər hər addımda gözə çarpan xüsusi geyimli, bulvar idarəsi işçiləri (mühafizəçiləri) hara yoxa çıxıblar? Qoyulan qaydalara və vizual nişanlarının tələbinin pozulmasına kim nəzarət edir? Etmirsə, bu qaydalar niyə var? Niyə nəzarətçilər ancaq ali ranq hesab edilən adamların bulvara gəlmək istəyi oyananda hər addımda peyda olur?”
Jurnalist skuter və velosipedlər üçün xüsusi yollar ayrılmasını təklif edib:
“Xüsusən, hava qaralan vaxt bulvarda hərəkət etmək işgəncədir. Skuter və velosipedlərin ağ işıqları adamın gözünü deşir, özləri isə görünmür. Bir də baxırsan ki, yanından güllə kimi nəsə keçdi. Uşaqlılar uşağın əlini, yaşlı ilə olanlar isə yaşlının qolunu buraxa bilmir. Yanlız gərginlik, yanlız həyəcan… İndi necə edək? Biznesinizin çiçəklənməsi üçün vətəndaş bulvarda rahat istirahət haqqının üstünüdən xətt çəksin? Bəlkə siz bunun üçün xüsusi yer ayırasınız və təmin edəsiniz?”
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz cavabsız qaldı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?