Bu məkan Bakı sakinlərinin, paytaxtımızın qonaqlarının ən çox sevdiyi yerlərdən biridir. Yeni elektrobuslar, dəniz gəmiləri, faytonlar və sair gəzinti marşrutları Bakı bulvarına - Dənizkənarı Milli parka marağı artırır... Səyyar fotostudiyalar, müasir kafelər, kiçik ticarət köşkləri, istirahət və əyləncə mərkəzləri bura gələnlərin diqqət çəkdiyi yerlərdir. Bulvarda hər cür insan tapmaq olar: uşaqlara sevinc bəxş edən, gənclərə gənclik dövrünü yaşadan, qocaları xatirələrə aparan bir məkan...
Modern.az saytının əməkdaşı bulvarda olub, buranın yerli və xarici ziyrətçilərilə söhbətləşib.
"Mirvari" restoranın yanında rusiyalı turistlə qarşılaşdıq və onların Bakı bulvarı haqqındakı fikirlərini öyrəndik.
"Mən Bakıda ilk dəfə 1984-cü ildə olmuşam, onda Bakı bu qədər müasir deyildi. İndi Bakını heç tanımaq olmur. Burada çox böyük işlər görülüb. Artıq 4 gündür Bakıdayam, amma zamanın necə keçdiyini hiss etmirəm. Düzü, çox pul xərcləmişəm. Bakı bulvarı Avropanın böyük bulvarlarındandır",-deyə rusiyalı turist Aleksey İvanov təəssüratlarını bizimlə bölüşdü.
Milli park kənddən şəhərə gələnlərin də bir nömrəli gəzinti məkanıdır. "Venesiya su şəhərciyi"nin yanında yaşlı nəslin nümayəndələrindən birinə yaxınlaşdıq. Zakir adlı Gəncə sakini bulvarda istirahətin onın əhval-ruhiyyəsinə təsirindən danışdı: "Bakıya oğlumun yanına gəlmişəm. Hər gün çıxıb bir az gəzirəm, buranı bir günə gəzib qurtarmaq olmaz. Hələ ki bu parkın axırına gedib çıxmamışam. Amma bu gün axıra kimi gəzəcəm".
Bulvara təkcə istirahət üçün yox, müalicə məqsədi ilə gələnlər də var. Növbəti müsahibimiz əsəbdən müalicə olunur. Onun sözlərinə görə, həkim hər gün bulvarda - dəniz kənarında 2 saat gəzməyi məsləhət edib. "Həkim mənə hər gün bulvarda gəzməyi məsləhət bilib. Mən də artıq 2 aydan çoxdur, buraya gəlirəm. Buraya gələndə siqaret çəkmək istəmirəm, yadıma düşmür".
Bulvarda velosiped sürmək həvəsində olanlara da şərait yaradılıb. Adi velosipedlərin 1 saatləq icarəsi 3 manat, sürət velosipedlərininki isə 5 AZN təşkil edir.
Yaşlı və orta nəslin yadında olar, əvvəllər bulvar sevgililərin də ən çox seçdiyi görüş yerlərindən biri sayılırdı. Bəzi cütlüklər hətta yan-yörədən ötənlərə məhəl qoymadan qucaqlaşır, öpüşürdülər. Bu mövzuda sorgumuza maraqlı cavablar aldıq.
Rusiyadan olan turist David: "Öpüşməkdə qəbahət hec nə yoxdur, onlar bunu küçədə də edə bilərlər".
Zakir adlı Gəncə sakini: "Belə hallar olmasa, yaxşıdır. Ona görə ki, buraya uşaqları, qız-gəlinlərilə gələnlər var".
Qusar sakini Tural: "Bizim milli mentalitetimiz açıq yerlərdə belə hərəkəti qəbahət sayır. Həm də ki, artıq bulvarda belə hallara yol verilmir".
Dənizkənarı Bulvar İdarəsinin ərazidə olan əməkdaşları da artıq burada öpüşmək və digər bu kimi hallara yol verilmədiyini qeyd ediblər. Belə halların qarşısını isə bulvarda mühafizə ilə məşğul olan polis işçiləri alırlar.
Gəzinti zamanı diqqətimizi çəkən məqamlardan da biri restoran və kafelərdə müştərilərin az olmasıydı. Bu da sözsüz ki, həmin obyektlərdə qiymətlərin bahalığından irəli gəlirdi.
Dənizkənarı bulvar indi 16 km-lik uzunluğa malikdir. Bura gəzməyə gələnlər Bakı Ağşəhərdən başlayıb Bakı Kristal Zalınadək olan uzun bir ərazidə istirahət edə bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?