Sabunçu qəsəbəsində "Stansiyanın yanı, 32" adlanan ünvanda yerləşən bir əsrlik tarixə malik binada yaşayan sakinlər Trend-ə həyəcan təbili verən məzmunlu məktubla müraciət ediblər.
Gundemxeber.az bildirir ki, həyatlarının hər an təhlükədə olduğunu deyən sakinlər onların düşdüyü bu vəziyyətə biganəlikdən gileylənirlər. Az qala başlarına uçacağını deyən 23 ailənin yaşadığı qəzalı vəziyyətdə olan bu köhnə tikilinin sakinləri qeyd edirlər ki, artıq bədbinliyə o qədər qapılıblar ki, hər axşam səhərə çıxmayacaqları düşüncəsi ilə yatmaq məcburiyyətində qalırlar. Hətta aralarında ötən əsrdən qalan bu uçuq-sökük iki mərtəbəli binanın elə sakinləri də var ki, "bina indi uçar" deyə, qorxudan gecəni səhərə kimi gözlərinə yuxu getmədiyini bildirirlər. Bina sakinlərinin göndərdiyi görüntülərdən də görünür ki, 1 əsr yaşı olan bu köhnə tikilinin tavanı yararsız vəziyyətə gəlib, döşəməsi isə hər an ayaq altından "qaçmağa" hazırdır. Təəssüf ki, tikilinin divarlarından isə heç danışılası deyil. Binanın müxtəlif hissələrində artıq uzun illərdir yaranan iri çatlar yaşayışa yararsız hala gələn bu köhnə tikilinin 23 ailədən ibarət sakinləri üçün istənilən an məzara dönmək təhlükəsindən xəbər verir. Yaşayış binasını ayaq üstə saxlayan taxtalar isə artıq çürüyüb. Sakinlərin Trend-ə verdiyi məlumata görə, aidiyyatı qurumlar binaya dəfələrlə gəlib baxış keçirərək tikilinin QƏZALI VƏZİYYƏTDƏ olması barədə rəy versələr də, lakin onların bu binadan köçürülməsi ilə bağlı hər hansı bir tədbirin görülməməsi narahat edir. Güclü külək olanda binada silkələnməni adi gözlə görməyin mümkün olduğunu bildirən bina sakinləri onların səsinə səs verənin tapılmadığını, hər gün daha da böyüyən və yaranan yeni çatların yaxın zamanda böyük faciə ilə nəticələnəcəyindən narahatlıqlarını qeyd edirlər. Artıq 100 yaşı olan bu binanın bədgüman sakinləri onu da əlavə ediblər ki, ailələr hərə öz yaşadığı mənzilin böyür-başına bir şey yamayır ki, qəzalı vəziyyətdə olan bu köhnə tikili çökməsin. Sakinlər evi təmir etməyin artıq heç bir əhəmiyyət daşımadığını, yağışdan sonra çəkilən xərcin də tavandan axan yağış sularında batdığını bildirərək, tez bir zamanda bu haraylarına aidiyyatı qurumlardan nəhayət şad xəbər alacaqlarına ümid etdiklərini deyirlər.
Sakinlərdən verilən məlumata görə binanın qəzalı vəziyyətdə olduğu barədə ilk rəy hələ Sovet dövründə - 1973-cü ildə verilib. Bəs, istismar müddəti hələ 50 il bundan əvvəl bitən bu tikilidə 23 ailəni yaşamaq məcburiyyətində qoyan kim(lər)dir?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?