Gundemxeber.az » GündəmXəbər » “Soliton” 500 manat pul paylayır: qəti aldanmayın! - FOTO
Sosial şəbəkələrdə yeni dələduzluq faktı aşkarlanıb.
Gundemxeber.az axar.az-a istinadla xəbər verir ki, səxsi səhifələri ələ keçirən dələduzlar o profilə aid dostlara mesencer vasitəsilə “təklif” verirlər. Dələduzlar bunun üçün şirkətlərin uduş və hədiyyə kampaniyalarından sui-istifadə edirlər.
Dələduzların növbəti hədəflərindən biri saytımızın əməkdaşı olub. Gecə saatlarında messencer vasitəsilə müraciət edən “köhnə dost” “Soliton” mağazalar şəbəkəsinin fəaliyyətə başlamasının “32 illiyi münasibəti ilə” kampaniya keçirdiyini, 500 manatlıq hədiyyə verdiyini, özünün bu hədiyyəni udduğunu bildirir. Bu məqsədlə “Soliton”un reklam kampaniyasının materiallarından istifadə edərək, guya müraciət edəcəyin təqdirdə bu pulu udmaq imkanın olduğunu deyir və yardımını təklif edir. Bildirir ki, kampaniya “qısamüddətli” olduğu üçün dostlarının da qazanmasını istəyir.
Dələduzluq sxemi isə belədir: “Portmanat.az” ödəmə portalında qeydiyyatdan keçmək üçün sənin telefon nömrən, təvəllüdün və Fin kodun əldə edilir, guya qeydiyyatdan keçir və 5 dəqiqəlik vaxt istənilir. Ardınca “qalib gəldiyin” deyilir və vəsaitin kartına köçürülməsi üçün bank kartının rəqəmləri (və yaxud fotoşəkli) istənilir. Əgər etibar edib, “dostunuza” bank kartının məlumatlarını göndərərsinizsə, kartınızdakı bütün məbləğ oğurlanır.
Dələduzluğun qurbanı olmamaq üçün bunlara diqqət edin:
1. Sizə guya “kampaniya” olduğu bildirilib, göndərilən reklam mətninə diqqət edin. “Soliton” adından istifadə edilən “500 manatlıq hədiyyə kartı” – adından da göründüyü kimi, məhz hədiyyə kartıdır, pulla alınır və yalnız mağazalar şəbəkəsinin özündə istifadə edilir. O hədiyyə kartı “məbləğ udmaq” və onu karta köçürüb, haradasa istifadə etmək üçün deyil;
2. “Dostunuz”un niyə məhz gecə saatlarında sizə müraciət etməsinə diqqət edin. Əsas səbəb odur ki, siz gec olduğu üçün dostunuzla telefon əlaqəsi saxlaya bilməyəsiniz;
3. Sizinlə gecə saatlarında yazışan dostunuzun seçdiyi ifadələr də çox önəmlidir. O ifadələrin, yazışmanın dostunuzun yazışmalarından fərqləndiyini, suallarınıza isə ümumi cavablar verdiyini görəcəksiniz;
4. Özünüzə sual verin: niyə hansısa bir şirkət hansısa sayt vasitəsilə 500 manatdan pul paylamalıdır? Şirkətlər yubiley və yaxud ad günlərində endirim kampaniyası apara, müştərilərinə müəyyən güzəştlər tətbiq edə bilər. Amma 500 manatdan pul paylamaq heç bir məntiqə sığmır;
5. Profil yaxşı mənimsənilə və sizinlə dostunuzun məntiqi ilə danışıb, sizi inandıra bilərlər. Bu halda mütləq dostunuza zəng edin və yaxud kampaniya haqda internetdə məlumatlar əldə edin, həmçinin qeydiyyatdan keçildiyi deyilən ünvana özünüz daxil olun. Onda görəcəksiniz ki, sizə gələn kodla heç yerə daxil olmaq mümkün deyil;
6. Zəng etmək mümkün olmasa, dostunuzla öz aranızda olan ikinizə məlum bir hadisəni soruşun. Dələduz dərhal yoxa çıxacaq;
7. Sizi inandırmaq üçün guya 500 manatın onun hesabına köçürüldüyünü təsdiqləyən qəbz də göndərilir. Qəbzi incələyin və görəcəksiniz ki, bu, “hədiyyə” deyil, ödənişdir və hətta buna görə 3 manat komissiya haqqı da ödəyəndən çıxılıb. Halbuki “500 manat uduş” hesaba köçürüləndə komissiya və digər ödənişlər uduş məbləğindən çıxılmalıdır;
8. Heç bir halda, heç kimə bank kartlarınızın məlumatlarını göndərməyin.
Qeyd edək ki, tanınmış jurnalistlərdən birinin profilini oğurlayanlar hazırda dələduzluqlarını davam etdirirlər və ona inanıb, kart nömrəsini dostuna göndərən və vəsaiti oğurlanan həmkarlarımız da var.
Məsələ ilə bağlı polisə müraciət edilib.
Gundemxeber.az
7-01-2020, 10:54
14-03-2018, 23:28
23-01-2021, 13:55
2-11-2018, 12:52
20-02-2015, 12:32
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?