Qubad İbadoğlunun səhhətində problemlər qalmaqdadır. İsti havalar ürək-damar sistemi və qan təzyiqi ilə bağlı problemləri daha da artırır. Eyni zamanda, son günlər qanda şəkərin səviyyəsi artıb. GundemXeber.Az bildirir ki, bu barədə vəkil Bəhruz Bayramov avqustun 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşdən sonra, Turan İnformasiya Agentliyinə bildirib.
Vəkilin dediyinə görə, Qubad İbadoğlu hər hansı təqsirinin olmadığını bir daha bildirib.
Türkiyədə həbs edilərək Azərbaycana gətirilən iqtisadçı alim Fazil Qasımovla Qubad İbadoğlunun əlaqələrinə gəlincə vəkil deyib ki, onların ünsiyyətinin olub-olmaması hələ məlum deyil.
Qubad İbadoğlu “Palmalı” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla əlaqələri barədə yerli mediada yayılan məlumatları təkzib edib.
“Qubad bəy bildirdi ki, Mübariz Mənsimovla heç zaman görüşməyib. Dedi ki, ümumiyyətlə onunla heç bir əlaqəsi olmayıb”, - deyə vəkil qeyd edib.
Beynəlxalq təşkilatların Qubad İbadoğlunun hüquqlarının müdafiəsi ilə bağlı məsələyə gəlincə vəkil deyib ki, beynəlxalq təşkilatlar iş aparsa da, faktiki bir nəticəsi yoxdur.
Vəkil avqustun 15-də Qubad İbadoğlu ilə bağlı istintaq hərkətlərinin aparılacağını deyib.
Bununla yanaşı, Qubad İbadoğlunun qardaşı Qalib Toğrul facebook səhifəsində yazıb ki, “saxta ittihamlarla saxlanıldığı gündən Qubad İbadoğluna qarşı həyata keçirilən psixoloji təzyiq davam etdirilir”.
“Ailə üzvləri ilə görüşə qadağa qoyulması, övladları ilə telefon əlaqəsinə icazə verilməməsi azmış kimi, bu gün məlum olub ki, qardaşımdan vəkillərinin telefon nömrələrinin siyahısı olan qeydlləri də alıblar. Halbuki, təqsirləndirilən şəxs kimi onun vəkillərlə istənilən vaxt əlaqə saxlamaq hüququ var”, o qeyd edib.
“O vəkillərinin telefon nömrələri olan qeydlərini təcridxana nəzarətçiləri tərəfindən əlindən alındığını bildirdi. Mən vəkillərin telefon nömrələrini yenidən yazıb ona təqdim etdim”, vəkil qeyd edib.
Penitensiar Xidmət telefon nömrələri insidenti ilə bağlı sorğuya cavab verməyib.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.
Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?