GundemXeber.Az-ın redaksiyasına bir qrup Masallı Rayon Boradigah qəsəbə sakinləri elektirik enerjisinin yaratdığı problemlərlə bağlı müraciət ediblər. Onlar mətbuat vasitəsi ilə müraciətlərini Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və "Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədova çatdırılmasını xahiş ediblər. Biz də qəsəbə sakinlərinin üz-üzə qaldıqları problemləri nəzərə alaraq, həmin müraciəti olduğu kimi təqdim edirik:
"Cənab Prezident!
Son illər ölkənin enerji sektorunda həyata keçirilən böyük layihələrin biz də şahidiyik. Cənab prezidentin açılışını etdiyi obyektlərin sırasına diqqət etsək, burada əhalinin keyfiyyətli enerji təminatına hesablanan obyektlər şübhəsiz ilk yerdə olacaq. Amma təəssüfki ölkənin ən böyük şəhər tipli qəsəbələrindən biri olan Masallının Boradigah qəsəbəsində tamam fərqli və dəhşətli bir mənzərə mövcuddur. Bu qəsəbənin 10 mindən artıq sakini var. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir. Son illər qəsəbənin enerji təminatı sahəsində görülən tək əsaslı iş sayğacların kütləvi dəyişdirilməsidir. Qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirmiş və bərbad vəziyyətdədir. Transformatoların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı bərbad vəziyyətdədir.
Nisbətən normal durumda olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220 -230 V olmalı halda 190-195-dən çox olmur. Məişət texnikalarının az gərginlik verilməsi və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır. Əksər evlərdə kondisionerlər və məişət texnikaları əlavə stabilizatorlar hesabına çalışır. Hazırda qəsəbə əhalisinin xeylisi bəlli səbəblərdən Bakıda və ölkədən kənarda yaşayır, yəni işıqdan istifadə etmir. Bu isə o deməkdir ki, tam yüklənmə olarsa , vəziyyətin bəhs etdiyimizdən də daha acınacaqlı olduğu ortaya çıxacaq. Problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarım stansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Bu səbəbdən güclü olmayan bir külək xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Texniki qüsurlar səbəbindən əksər hallarda kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıq keçirilir. Böyük bir qəsəbəyə operativ nəzarət olduqca zəifdir. Əksər hallarda kiçik bir problemdən ötrü əhali saatlarla ora- bura zəng etmək məcburiyyətində qalırlar. Hörmətli prezident, hörmətli Vüqar müəllim Sizdən xahiş edirlk, bu problemi şəxsi nəzarətinizə götürüb problemin həlli ilə bağlı operativ göstəriş verəsiniz."
Hörmətlə, Ədalət Əhmədov- müəllim; Məmməd Məmmədov- müəllim; Böyükağa Zeynalov- müəllim; Elçin Əhmədov- müəllim; Rasif Talıbov- şəhid atası; Elmar Yusifov- Qarabağ qazisi ; Əzim Məmmədov Qarabağ qazisi. Cəmi 20 nəfər
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?