Bakının Xətai rayonu ərazisi növbəti dəfə də qanunsuz tikili məsələsi ilə gündəmə gəlib.
GUNDEMXEBER.AZ xəbər verir ki, pravda.az-a ərazi sakinləri tərəfindən göndərilən şikayətdə bildirilib ki, Xətai rayonu, Neapol küçəsi 7b ünvanında qanunsuz obyekt tikilir, avtomobil və piyada yolu zəbt edilib. Məsələni aydınlaşdırmaq üçün Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Həmişə olduğu kimi, RİH sorğumuzu bu dəfə də cavabsız qoyub. Rayon icra hakimiyyəti sorğulara ən yaxşı halda çox gec cavab verir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə sorğumuza verdiyi açıqlamada sözügedən tikilinin qanunsuz olduğu faktını təsdiqləyib: “Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Neapol küçəsi 7b ünvanında şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində qeyri-yaşayış obyektinin yenidənqurması faktı aşkarlanıb. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən işlər dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib”. Xatırlatma: Xətai Rayon İcra Hakimiyətinin hazırkı icra başçısı Rafiq Quliyev 1997-ci ildən, yəni 23 yaşından bəri RİH-də çalışır. Həmin illərdə o, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini, 2013-cü il dekabrından 12 noyabr 2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 50 yaşlı icra başçısı gündəmə daim rayon ərazisindəki qanunsuz tikililərlə gəlib.
Qeyd: 2024-cü ilin iyul ayında Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən geniş müşavirədə Xətai RİH başçısına ciddi xəbərdarlıq edilib. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olmasıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?