Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu Zərdabi küçəsi 89 ünvanında ağacların qanunsuz kəsilməsi barədə şikayət daxil olub. Şikayətlə əlaqədar Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırma zamanı məlum olub ki, Yasamal rayonu Zərdabi küçəsi, 89 ünvanında 468 m2 torpaq sahəsində tikinti işlərinin aparılması üçün vətəndaş Ramiz Cabbarlıya Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icazə sənədi verilib.
Əraziyə keçirilən baxış zamanı tikinti altına düşən 20 sm diametrində 12 ədəd yaş köküstə sərv ağacının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarının tələblərinə əməl olunmadan kökündən çıxarılaraq ərazidən aparıldığı aşkar edilib. Faktla bağlı akt və protokol tərtib olunaraq R.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 92.3.1-ci maddəsinə əsasən inzibati qaydada 14400 manat məbləğində cərimə olunub.
Sözügedən ünvanda tikinti işlərinin dayandırılması və ərazidə yeni yaşıllıqların salınması ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.
Ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?