Qazinin nömrəsi bağlı olduğu halda balansdakı 36 manatı yeyilib.
Mobil operatorların dələduzluqla vətəndaşlara xidmət göstərmədən qiymətləri qaldırması, özbaşına xidmətə qoşub, pul silməsi və s. istehlakçı hüquqlarının kobud pozuntusu haqqında bilgilər gündəmdən düşmür. Nədənsə media qurumları daha çox Azərcell-i qaralayıblar.
Başımıza gələnlər Azərcell-in Bakcell-in yanında “toya getməli olduğunu” deməyə əsas verir.
Bakcell-in 1-ci dərəcəli Qarabağ əlilini mobil nömrədən etibarnaməsiz (?) yararlandığına görə danışıq hüququndan məhrum etməsindən, nömrəni içindəki balansla birgə ləğv etməsindən bilgi mediada yayımlanıb. Mobil operator qınaqdan sonuc çıxarmaq yerinə, əksinə, daha böyük özbaşınalığa, şəbəkə cinayətinə, dələduzluğa əl atıb. Baxın, Bakcell MMC 1-ci dərəcəli Qarabağ qazisinin 553019956 nömrəsi bağlı olduğu , işləmədiyi halda, balansdakı 36 manat pulu yeyib! İnanmırsınız?
Əlbəttə, inandırıcı deyil, hətta ağlasığmazdır. Di gəl, fakt “göz deşir”. Ötən gün31.08.2024-cü il, saat 14-42-də qazinin telefonuna Bakcell-dən qısa mesaj gəlir ki, nömrə aktivdir. 40 dəqiqə sonra saat 15-20-də isə qaziyə 2.99 manat xidmət haqqı çıxılmaqla aylıq 200 dəqiqə ölkədaxili zəng, 3 gb təqdim olunduğu bildirilib. Nömrəsinin 02.06.2024-cü ildən birtərəfli, 02.07.2024-cü ildən ikitərəfli bağlı olduğu şirkətin sms-i ilə bildirilən Qarabağ qazisi bu “müştəri məmnunluğu” jestindən heç nə anlaya bilmir. Axı o, nömrəsini aktiv etməyib, nömrə 3 aydır işləmir, “pas atıb”, necə və kim aktiv edib? Öncə dostlardan kiminsə xeyirxah jest etdiyini fikirləşən qazi, kabinetə girəndə gözlərinə inanmır, balansda 36 manatdan cəmi 0.42 manat (42 qəpik) qalıb !(?)
Kabinetdən “onlayn çat” la bağlantı quran qaziyə Kamran adlı agent nağıl danışıb ki, bəs
nömrə bağlı oldu-olmadı balansdan pul tutub xidmətə qoşmaq Bakcell-in “müstəsna hüququdur”, bu inhisarçı özbaşınalığına, xidmət dələduzluğuna şirkətin “minimal sərfiyyat” xidməti haqq verir. (?) Dələduzluq nağılına baxın, müştəri nömrədən və təbii ki, xidmətdən yararlanmır, nömrə bağlıdır, işləmir, amma Bakcell özbaşına nömrəni aktiv edib, hər ayın axırıncı günü balansı sıfırlayır. Fakt qarşısında qalan agent Kamran bəy yalnız sonuncu 3 manatın qaytarılacağını, qalan 36 manatın köhnə tarixdə axtarılmalı olduğunu bildirib və çatı bitirib. Özbaşınalığa baxın, bəyəm bir ay, iki ay qabaq edilən özbaşınalıqlara görə cavab verilməli , yeyilən pul geri qaytarılmalı deyil ?
Kabinetdən öyrəndik ki, qazinin balansından 30 iyunda 2 manat, 31 iyulda isə “xidmət” qurumunun “ürəyi soyumayıb” 10 manat bir, 0.67 manat bir və 20 manat bir birdəfəlik haqq çıxıb. 31 avqustda balansda cəmi 3.42 manat olduğundan Bakcell “ürəyini soyuda bilməyib”, elə 3 manatlıq özbaşınalıq xidməti sərgiləyib.
İndi Bakcell cinayət başında yaxalanıb, amma yaxasını ələ vermək istəmir. Şirkətin agenti bir ay qabaq olan balansyemə cinayətinin vaxtının keçdiyini bildirib, yalnız sonuncu 3 manatı qaytarır. Bəyəm cinayət müddəti bir -iki aydır, keçib? Bir də kim qarantiya verər ki, ayın sonunda o 3 manat qaytarılan da inhisarçı xidmət hökmranlığının qurbanı olmayacaq? Qarabağ qazisi hüquq orqanlarına üz tutacaq. Qoy seçki (günü) sona çatsın.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?