Kimki özgəsinin dərdinə kədərlənmir, o öz xöşbəxtliyinə də sevinmir
Çeçen atalar sözü
Qafqaz xalqlarının başından qara buludlar demək olar əskik olmayıb. Azərbaycanlılar ilə çeçenlər tarixin əksər dövrlərində qara buludların altında yağışdan çıxıb yağmura düşmüş, yağmurdan isə doluya məruz qalmışdır. SSRİ-in süquta yetməsindən sonra da hər iki Qafqaz xalqının taleyində faciələr əskik olmayıb. Faciəinin böyüyü-kiçiyi olmaz deyirlər. Bizim nə qədər qara günlərimiz çox olsa da, həmişə Çeçen xalqına dəstəyimizi əsirgəməmişik. Onların dərd-sərini özümüzünkü bilmişik. Hər iki Rus-Çeçen savaşında noxçiylərin (çeçenlər özlərini belə çağırır) rəşadətləri, qəhramanlıqlarına qibtə etmiş, onların istiqlaliyyətləri uğrunda özlərini fəda etmələrinə baş əymişik. Hər iki müharibə nəticəsində ev-eşikləri dağıdılan, həyatları alt-üst olan, doğma yurdlarından didərgin düşən bu xalqa quçaq açaraq bağrımıza basmışıq. Təbii ki, I Qarabağ savaşında bizimlə çiyin-çiyinə vuruşan çeçenli mücahidlərimizi də daim ehtiramla yad edirik. Mən qısa müddət 207 nömrəli məktəbdə təhsilimi davam etdirərkən bu təhsil ocağında çeçen uşaqları da vardı. Hətta iki sinif yoldaşlarım da çeçen idi. Məktəbimizin və sinifimizin noxçilərinə xüsusi hörmət edir, onları (hətta ən zəifini belə) qəhraman sanırdıq. Həmçinin Bakının “İnqilab 17” tərəflərində yaşadığım vaxtlarda da binamızda bir neçə çeçen ailələri məskunlaşmışdı.Nəinki, onların böyüklərinə, həmyaşıdlarımıza, hətta 5-6 yaşlarındakı uşaqlarına da dərin hörmət və nəvazişlə yanaşırdıq. Bu məqamda çeçenlərin atalar sözü yada düşür: “Qardaşsız qardaş, dimdiksiz şahindir”.
Biz azərbaycanlılar çeçenlərə onların doğma qardaşlarından da yaxın olaraq nəinki, dimdiksiz, heç yaralanmış qanadlarının da qanqrenaya çevrilib kəsilməsinə imkan vermədik. Bunlar xatırlatma idi.
Bundan sonra deyəcəklərim çeçen xalqınıa deyil, çörəyi dizinin üstündə olan bəzilərinə və şəxsən Ramzan Kadırova aiddir.
Bisavad, haya düşən, rusafob, dil “pəhləvan”lığı edən, dərin düşünmək və analizdən pəhrizdə olan həmvətənlərimdən fərqli olaraq heç vaxt hazırkı Çeçenistan iqtidarını nə söymüş, nə də aşağılamışam. Əksinə, həmişə vurğulamışam ki, Ramzan Kadırovun hakimiyyətə gə(tiri)lməsiylə Çeçenistanda qanlı qarşıdurmalar, terror aktları, qruplar arasında nifaqlar, kütləvi qətillər, insan oğurluğu, reketlik və s. bu kimi kriminal elementlər arxada qaldı. Çeçenistan yaralarını sarıyır, rahat ana dilində danışır, məscidlərdə səsgücləndiricilərlə fəxrlə əzan verərək ibadətlərini edir, İslamın təbliğatını aparır, milli mentalitetlərini qoruyaraq saylarını artırır və böyük Rusiya coğrafiyasında maneəsiz gəzib-dolanırlar. Ramzan Kadırovun son 10 ildə ölkəsi üçün etdiklərini təqdir edirdim. Hər zamanda mənimlə razılaşmayan yoldaşlara, aponentlərimə deyirdim ki, Çeçenlər saylarını artıraraq Rusiyanı işğal edəcəklər. Onlar zamanla Kremlin kabinetlərində postlar tutacaqlar. Amma 4 gün əvvəl xalqımızı sarsıdan və dünyanın diqqətini özünə cəlb edən hadisə baş verdi. 8432 reysiylə Bakı-Qroznı marşrutu ilə uçan təyyarəmiz Qroznı səmasında Rusiyanın hava hücumundan müdafiə sistemlərinin atəşinə məruz qaldı. Buna rəğmən atəş qəlpələrinə məruz qalan Azal şirkətinin “Embraer 190” hava gəmisinə qəza enişi etməsinə icazə verilmədi. Həmçinin radioelektron mübarizə zamanı təyyarəmizin GPS sistemi də sıradan çıxarıldı və onun hərəkət istiqaməti dəyişdirilməyə məcbur edildi. Nəticədə hava gəmimiz yanaşağı bitənə qədər səmada dövrə vurduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpıldı. 3 ekipa üzvü və 35 sərnişin həlak oldu. Təbii ki, nə Azərbaycan Respublikası nə də xalqımız (içimizdə araqarışdıran şərəfsizlərin olmasına rəğmən) Rusiya tərəfinin təyyarımizin bilərəkdən vurduğunu iddia etmədi. Zatən hava gəmimiz məlum istiqamət üzrə uçuş edən vaxt Ukraynanın hava dronları da Qroznı səması hücum edib. Məhz onları zərərsizləşdirərkən atılan atəşlərin qəlpələri “Embraer 190” təyyarəsini zədələyib. Bizim davamız atəşlərə məruz qalan təyyarəmizi eniş etməsinə imkan verilməməsi, GPS sisteminin sıradan çıxarılması və hava gəmisinin başqa istiqamətə yol almasına məcbur edilməsidir. Bu azmış kimi Aktauda məlum qəzadan sonra Çeçenistan Respublikasının rəhbərinin təyyarəmizi vuranlardan olan qohumu Həmzət Kadırovu “Çeçenistana xidmətlərinə görə” medalı ilə təltif edir. Hər bir dövlət hava sərhəddini müqəddəscəsinə və sarsılmazcasına düşmən hücumlarından qorumalıdır. Amma hücum edən düşməni zərərsizləşdirərkən qonşu, özüdə strateji müttəfiq olan yaxın bir ölkənin mülki təyyarəsinini atəşə məruz qoyub, yekunda 35 mülki insanın ölümünə səbəb olnubsa, durub həmin hərbi qulluqçuları mükafatlandırmaq yer-göyə sığmır. Bu polislərin cinayətkər dəstəyə qarşı əməlliyat keçirərkən quldurlardan çox günahsız vətəndaşları qətl edilməsinə və həmin formalıların xidmət zamanı sayıqlıq və qəhramanlığa görə təltif edilməsinə bənzəyir. Ortada 35 günahsız insanın ölümü olduğu bir məqamda Çeçenistan başçısının qohumu Həmzət Kadırovu təltif etməsi bu qədərmi zəruri idi?! Ramzat Kadırov çiyinlərində general-polkovnik ali rüstbəsini daşımasını bununlamı göstərir?! Halbuki Çeçenistan rəhbərinin tək öz ölkəsində deyil, bütün Rusiyada özünə görə nüfuza, ağırlığa sahib və Vladimir Putinin ən yaxın, sadiq silahdaşı, kiçik qardaşı olduğunu hayqırır. Məgər, Kadırov “həzrət”ləri bu qədər nüfuzundan, səlahiyyətindən istifadə edərək təyyarəmizin Qroznıda və ya digər yaxın şəhərlərin hala limanında qəza enişi etməsinə nail ola bilməzdimi? Lap deyək ki, ona bu işdə mane olan qüvvələr olub (heç də inandırıcı deyil), bəs böyük qardaşın Vladimir Vladimiroviçə dərhal telefon zəngi açaraq Rusiyanın nüfuzuna xələl gətirəcək hadisənin baş verəcəyiylə bağlı məlumatları çatdıra bilməzdimi? Gedişat göstərdi ki, Çeçenistan rəhbəri bu məsələdə heç barmağının ucunu da tərpətməyib. Ramzat Kadırov və onun kimi vecsizlər təyyarəmizdə Rusiya vətəndaşlarının olmasına da məhəl qoymayıblar. Həm Azərbaycan, həm də dünya Çeçenistanın I şəxsinin əvvəl biganəliyini, hazırda isə riyakarlığını, “artistliy”ini görməkdədir. Ay Ramzat Kadırov, onlarla ölkələrin kütləvi informasiya vasitələrində və sosial şəbəklərdə etdiyin əməl bütün çılpaqlığı ilə üzə çıxaraq qınaq obyektinə çevrildikdən sonra durub 28 dekabr 2024-cü ildə Çeçenistan Respublikasında matəm günü elan etməyin 3 gün (25, 26, 27 dekabrda) ərzindəki nadurist əməllərini nə ört-basdır edir, nə də günahlarını yuyur. Bu həmçinin sizinlə əlbir olanlara da aiddir.
Ey Çeçenistan başçısı, səhvən vurduğunuz Azərbaycan təyyarəsinə qəza enişi etməsinə imkan verməməyiniz, yol verilən qələtə görə izi itirərək məsuliyyətdən qaçmağa çalışanlarla “həmrəyliy”yiniz və günahsız insanların qətlinə rəvac verən (istəmərək də olsa) qohumunuzu təltif etməklə iki xalqın əsrlərlə sürən doğmalıq münasibətinə və son 33 ildə sizə uzatdığımız əllərə tüpürdüz...
Çeçenlərin daha bir müdrik deyimi var: “Harakı bataqlıqdır – nəmişlik qalır”.
Odur ki, Ramzat Axmatoviç Kadırov bataqlıqdasız və üfunət iyisi verərək biabır olduz...
Sorğu
Yeni dizaynımız necədir?