Bildiyimiz kimi, ölkədə çoxlu sayda “xaricdə təhsil” şirkətləri fəaliyyət göstərir. Ali məktəblərə qəbul imtahanlarından hər hansı bir səbəbdən kəsilmiş abituriyent həmin şirkətlər vasitəsilə sadəcə attestatla imtahansız Rusiya, Türkiyə, Gürcüstan, Polşa, Çexiya və digər Avropa ölkələrində ali təhsil müəssisələrinə qəbul oluna bilirlər. Bəs ölkəmizdə niyə bütün dünyada olduğu kimi attestatla, heç bir imtahan vermədən ali təhsil almaq mümkün deyil?
Bizdə təhsil alan şagird mütləq 9-cu və ya 10-cu sinifdən seçdiyi ixtisas qrupu üzrə 2-3 il repititor yanına gedir və universitetə yalnız imatahanla qəbul ola bilir. Qəbul imtahanlarını da Dövlət İmtahan Mərkəzi adlı qurum götürür ki, bu qurum da hər il imtahanlarda tərtib olunan sualların çətin olması, nəticələrin yoxlanılmasında qeyri-obyektlikdə həm abituriyentlər, həm təhsil ekspertləri, həmdə media tərəfindən tənqid olunur. Hər il çox sayda abituriyent universitetə qəbul olmadığı üçün təəssüf ki intihara əl atır və ən acınacaqlısı isə, buna görə heç kimin məsuliyyət daşımamasıdır. Yəni, valideyn ömrünü-gününü uşağının yolunda qoyur, min bir əzab-əziyyətlə övlad böyüdüb yetkinlik yaşına çatdırır, övlad da sırf universitetə qəbul ola bilməyib deyə 17-18 yaşında həyatına qəsd edir. Bir çox ailələr absurd imtahan qaydası səbəbindən övladı qəbul imatahanında aşağı bal topladığı halda xaricdə təhsil şirkətlərinə üz tutub övladını xaricdə oxumağa göndərsə də, bir çox ailənində maddi baxımdan buna imkanı çatmır və abituriyentin ali təhsil almaq arzusu heç vaxt reallaşmır. Şagird 9-cu sinifə çatdıqda 3 il gündəlik orta məktəbdən çıxıb axşama kimi bir repititordan o birinə gedir, evə gəldikdə isə bilmir orta məktəbin ev tapşırıqlarını həll etsin, yoxsa, repititorların verdiyi tapşırıqları həll etsin. Yəni, sözün əsl mənasında 3 il nə normal istirahət edə, nə də qidalana bilmir. Qəbul imtahanı isə sözün əsl mənasında lotoreya kimi bir şeydir, yəni qəbul ola da bilərsən, olmaya da. Universitetə qəbul olunsa belə, abituriyent istədiyi ixtisasa qəbul olmaya da bilər, sadəcə sırf qəbul olub deyə 4 il istəmədiyi ixtisas üzrə oxumaq məcburiyyətində qalır. Valideyn isə 3 il hər ay bir fənn üzrə repetitor haqqı 50-80 manat arası olmaqla 300-350 manat boğazından kəsib repititorlara pul tökür. Əgər bir ailədə aralarında bir yaş fərq olmaqla və ya əkiz olmaqla 2 uşaq varsa, o zaman valideyn 2 uşaq üçün repititorlara hər ay 600-700 manat pul ödəməlidir. Mən hələ gündəlik nəqliyyat qida xərclərini demirəm. Bir sözlə, təhsil yükü, maddi yük, ixtisas qrupu seçimi, kodlaşdırma, imtahan həyəcanı və stressi hər biri ayrı bir dərddir. Halbuki, ali məltəblərə qəbul imtahanı ləğv olunsa, bütün bunlar aradan qalxar, hər kəs attestatla istədiyi universitetə qəbul olunar. Ən əsası, gənclərin intihar halları və illərdir "inkişaf" etmiş təhsil sistemininin qara bazarı olan repititorluq fəaliyyəti aradan qalxar. Şəxsən mənim qohumum gənc yaşlarından ailə qurub Rusiyanın Tümen vilayətinə köçüb orda yaşayır. 1968-ci il təvəllüddür, indiyədək Rusiyada 3 universitet bitirib, indi də 60-a yaxın yaşı olsa da, işləyə-işləyə qiyabi sistemlə 4-cü universitetdə oxuyur. Yəni, ali təhsil almaq sözün əsl mənasında yalnız bizdə ağrılı və əlçatmazdır. Ümid edirəm ki, bizdə də absurd olan universitetlərə qəbul imtahanı ləğv olunar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?