Azərbaycan banklarından arayışsız kreditlərin verilməsi dayandırılsa da, AzNews.az krediti arayışsız almağın mümkünlüyünü aşkarlayıb.
Araşdırma nəticəsində məlum olub ki, arayışsız kreditlərin verilməsi müəyyən şərtlər daxilində həyata keçirilir.
Belə ki, arayışsız kredit imkanlarından ancaq banklarla uzun müddət əməkdaşlıq edən, kredit müqaviləsinin şərtlərini pozmayan, ödənişləri gecikdirməyən müştərilər yararlana bilər.
Kredit ödənişlərində gecikdirmələrə yol verən, yaxud ilk dəfə kredit üçün banka müraciət edən hüquqi və ya fiziki şəxslərdən isə arayış tələb olunur.
İqtisadçı-ekspert Vüqar Bayramov da AzNews.az-a açıqlamasında bu faktı təsdiqləyib.
Ekspertin sözlərinə görə, Mərkəzi Bankın son tövsiyəsindən sonra da kommersiya bankları müəyyən kateqoriyalı insanlar, o cümlədən daimi müştəriləri ilə əməkdaşlığı davam etdirir: “Bank kredit tarifi müsbət olan, kreditləri vaxtı-vaxtında qaytaran, ümumiyyətlə borclu xarakteriskasına malik olmayan vətəndaşlara arayışsız kredit verməsinə müsbət baxır.
Kreditlərin verilməsi kommersiya banklarının səlahiyyətində olan bir məsələdir. Mərkəzi Bank təbii ki, kreditlərin verilməsi ilə bağlı qadağa müəyyənləşdirə bilməz və sadəcə banklara tövsiyə xarakterli tapşırıqlar vermək iqtidarındadır.
Bunu da bir neçə gün öncə etdi və avtomatik olaraq kommersiya bankları müəyyən şərtlərlə arayışsız kredit verilməsini dayandırdı. Burada söhbət risklərin sığortalanmasından gedir. Banklar da arayışsız kredit verməməklə riskləri sığortalamağa çalışır”.
Xatırladaq ki, yanvarın 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda təminatsız kreditlərin verilməsi ilə bağlı məlumat yayaraq iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsini dayandırmağı tövsiyə edib.
Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələblərinə əsasən təminatsız kreditlər borcalanın uzunmüddətli maliyyə hesabatları və kredit tarixləri əldə edilməklə verilməlidir. Fiziki şəxslər üçün tələb olunan maliyyə hesabatları qismində əməkhaqqı və ya fiziki şəxsin rəsmi qaydada təsdiq edilmiş digər mənbələrdən aldığı gəlirlər barədə arayış çıxış edir.
Sorğu
Yeni dizaynımız necədir?