Neft Fondunun adı saxtakarlıqda hallanır; Colliers International şirkəti ARDNF-nin aldığı binanın real dəyərini açıqlayıb
Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16" ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən ”Qalereya Aktyor" ofis-ticarət mərkəzini satın alıb. Rəsmi məlumata görə, “Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin mərkəzləşdiyi ərazidir. Amma maraqlıdır ki, Colliers International şirkətinin ekspertlərinin qiymətləndirməsinə görə, həmin binanın bazar dəyəri 100 milyon dollardır. Bu barədə Colliers International təşkilatının nümayəndəsi Anna Orlova Rusiyanın “İzvestiya” qəzetinə açıqlama verib. Qəzet yazır ki, həmin obyekt bu ilin təxminən aprel ayından satışa çıxarılıb və Azərbaycandan başqa onun alışında maraqlı olan digər şirkət və ya dövlət olmayıb.Beledə isə sual yaranır: Azərbaycanın neft gəlirləri hesabına diqqəti cəlb etməyən binaya milyonlar xərcləməyin nə mənası? Binanın real qiyməti 100 milyon dollar olduğu halda onun əldə olunmasına 133 milyon dollar sərf olunduğuna dair açıqlamanı necə başa düşək? Bu və digər suallar ətrafında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev açıqlamasında əvvəlcə daşınmaz əmlaka investisiya yatırılmasının risqli tərəflərindən danışıb: “Avropa ölkələrində qlobal böhrandan sonra ofislərin, evlərin kəskin ucuzlaşmasını müşahidə edirik. Bu o deməkdir ki, sabah dünya bazarlarında neftin ucuzlaşması (uzun müddətə) Rusiya iqtisadiyyatında problem yarada bilər. Rusiya iqtisadiyyatında Azərbaycan qədər olmasa da neftdən asılıq var. Əsas risk bunula bağlıdır”. S.Əliyev obyektin çatışmazlıqlarından da söz açıb. Binanın park yeri olmadığını, faydalı sahəsinin isə cəmisi 60% olduğunu deyən ekspert tikilinin köhnə olduğunu və biznes üçün çox da əlverişli olmadığını vurğulayıb. Ekspert qeyd edib ki, əsas problem binanın elan olunmuş qiymətinin real bazar qiymətinə uyğun gəlməməsindədir: “Neft Fondunun vəsaitləri xalqın olduğu üçün xərclərdən də ictimaiyyət xəbərdar olmalıdır. Həm şəffaflıq, həm də hesabatlıq olmalıdır. Amma alqı-satqı baş verəndən sonra məlumat verilməsi şəffaflıq prinsipinə ziddir. Rusiya mətbuatı oktyabrdan başlayaraq məlumat yayırdı ki, Azərbaycan bu okyektlə maraqlanır. Ancaq DNF bununla bağlı açıqlama vermirdi. Alınmış obyektin çatışmazlıqlarından biri də uzunmüddətli icarə müqavilələrinin olmasıdır. Bu o deməkdir ki, Azərbaycan qiyməti nə artıra, nə da müqaviləni poza bilər. Burda qaranlıq qalan əsas məsələ isə nəyin alınmasıdır. Bilinmir ki, alınan konkret olaraq binadır, yoxsa səhmdar cəmiyyətin səhmləridir. Məlumatlar göstərir ki, DNF «Тверская, 16» Səhmdar Cəmiyyətin səhmlərini alıb. Bu SC-nin nizamnamə kapitalı 159,8 milyon rubldur. Alınan bina isə yeganə aktividir. İkincisi, SC-nin passivi sual dogurur. Binadan fərqli olaraq SC-nin başqa qurumlar qarşısında öhdəlikləri məsələsi ortaya çıxır. Yəni həmin SC-nin kreditor borcu ilə bağlı vəziyyət nə yerdədir? Digər məsələ vergitutma ilə bağlıdır. Belə ki, binadan icarəyə görə 9,5 milyon dollar gəlir götütməsindan danışılır. Əvvəla, həmin gəlirdən vergi tutulur(ƏDV + mənfəət). Üstəlik, səhmlərdən divident veriləcəyi təqdirdə ikinci bir vergi verməli olursan. Belə çıxır ki, ikiqat vergitutma ortaya çıxır. Belə çıxır ki, illik 9,5 milyon gəlirin ən azı 60%-ə qədəri maya dəyərində oturacaq. Yəni binanın saxlanma xərci və üstəgəl butun vergilər. Bütün bunlar çıxanda xalis illik qazanc 4-5 milyon olur. Görünür, illik mənfəətin 4-5 milyon dollar olması səbəbindən Colliers International təşkilatı həmin obyektə 100-105 milyon dollar qiymət qoyub. Çünki qiymətləndirmə prinsiplərindən biri də obyektin illik qazancına görə onun bazar dəyərini müəyyən etməkdir". Ekspert qeyd edib ki, ortada xeyli açıq suallar var ki, bütün bunların cavablandırılması və ekspertlərlə müzakirəsi vacibdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?