Azərbaycan Dövlət Neft Fondu “MACQUARIE Group” investisiya bankının Sidney ofisinin yerləşdiyi tarixi binanı almaq üçün danışıqlar aparır
Azərbaycan Dövlət Neft Fondu (DNF) Avstraliyanın Sidney şəhərində hazırda ofis mərkəzi kimi istifadə olunan tarixi binanı almaq üçün danışıqlar aparır.
Virtualaz.org “The Australian” nəşrinə istinadən xəbər verir ki, hazırda ”Martin Place” adlı binada “MACQUARIE Group” qlobal investisiya bankının Sidney ofisi yerləşir. Bank binanın satılması ilə bağlı bir neçə suveren fonddan, o cümlədən Azərbaycan Dövlət Neft Fondundan təklif alıb. Azərbaycanın neft pullarını idarə edən bu fond bina üçün 350 milyon təklif edir.
“MACQUARIE Group” öz ofisini tarixi binadan müasir ofis mərkəzinə köçürmək planlarını bu ilin əvvəllərində açıqlayıb. Həmçinin bu ilin fevralında DNF-nin rəhbəri Şahmar Mövsümov “The Wall Street Journal” qəzetinə fondun Avstraliyada kommersiya təyinatlı daşınmaz əmlaka investisiya yatırmaq planlarını açıqlamışdı. 34,5 milyard dollarlıq aktivlərə malik DNF ilin əvvəllərindən etibarən Avstraliyanın daşınmaz əmlak bazarını araşdırır. Fondun rəhbəri Şahmar Mövsümovdur.
Xəbərdə bildirilir ki, “MACQUARIE Group”un ofisin yerləşdiyi bina tarixi əhəmiyyət daşıdığı üçün binanı alıb icarəyə vermək istəyənlərə yerli hakimiyyət tərəfindən sərt şərtlər qoyulur.
Qeyd edək ki, Azərbaycan neft pullarının bir hissəsinin dünyanın iri şəhərlərində kommersiya təyinatlı daşınmaz əmlaka yatırılması strategiyasını DNF-nin qarşısında prezident İlham Əliyev qoyub. Hazırda dünyada kommersiya təyinatlı daşınmaz əmlaka investisiya yatırılması ən sərfəli istiqamətlərdən biridir.
Bundan əvvəl Azərbaycan Dövlət Neft Fondu Londonda 177 milyon funt-sterlinqə, Parisdə isə 135 milyon avroya iki tarixi bina alıb. Bu binalar uzunmüddətli icarədədir.
Fond həmçinin aktivlərin bir hissəsini qızıl alınmasına yönəldib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?