Xatırladaq ki, Azərbaycan qazının Rusiyaya nəqli ilin əvvəlində Gəndob-Xaçmaz-Yalama-Rusiya sərhədi avtomobil yolunun tikintisi ilə bağlı dayandırılmışdı. Belə ki, Azərbaycan qazını Rusiyaya nəql edən Mozdok-Qazıməmməd magistral kəməri bir neçə yerdə bu yolla kəsişir və tikinti işləri ilə bağlı kəmər yanvarın əvvəllərində bağlanmışdı. N.Quliyev bildirib ki, ARDNŞ Rusiyaya qaz nəqlinin dayandırılması ilə bağlı heç bir mənfəət itkiləri ilə üzləşmir. Çünki Azərbaycanın ixrac bazarı üçün yetərli bazar var və Rusiyaya ixrac edilməli olan qaz başqa istiqamətə yönəldilir. ARDNŞ-lə “Qazprom” arasındakı müqaviləyə əsasən, Azərbaycan Rusiyaya ildə 2 milyard kubmetr qaz ixrac etməlidir. Azərbaycandan idxal olunan qaz Rusiyanın cənubunda - Dağıstanda istehlakçılara verilir. “Qazprom” isə bu istehlakçılar üçün nəzərdə tutulmuş qazı ixraca yönəldir. Bu ilin yanvarında Azərbaycandan Rusiyaya qaz nəqli dayandırılanda “Qazprom” bildirmişdi ki, Azərbaycan tərəfi qaz ixracını gözlənilmədən dayandırıb və əvvəlcədən onlara məlumat verməyib. Ancaq daha sonra ARDNŞ rəsmi açıqlama yayaraq vəziyyətə aydınlıq gətirdi. Şirkətdən bildirildi ki, Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramına (2006-2015-ci illər) əsasən Gəndob-Xaçmaz-Yalama-Rusiya sərhədi avtomobil yolunun tikintisi həyata keçirilir. İşçi layihəsinə əsasən, avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik Mozdok-Qazıməmməd magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanıb. Layihənin dövlət əhəmiyyətli olmasını əsas götürərək kəsişmələrdə tikinti işlərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədilə Mozdok-Qazıməmməd magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bu səbəbdən Rusiyaya qazın nəqli müvəqqəti dayandırılıb. Toğrul ƏLİYEV
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?