Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından ağızdolusu danışa bilməyəcək, çünki ÜDM və əhalinin sosial müdafiəsi üzrə statistika o, 2003-cü ildə hakimiyyətə gələndən bəri ən pisdir
Davos forumu (Davos summit) kimi tanınan növbəti Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) 30 yanvar-2 fevralda keçiriləcək. WEF-in əsas məqsədi iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həlli yolu ilə qlobal sülhü yaxşılaşdırmaqdır. Bu məqsədlə forum dünya birliyinin işgüzar, siyasi, intellektual və başqa liderləri arasında tərəfdaşlığın inkişafına kömək edir. Bu yaxınlarda WEF «Davamlı dinamizm» adı altında analitik məruzə hazırlayıb və bütün dünyadan minlərlə ekspertlərin sorğusu əsasında 50 qlobal riski sadalayıb. 2012-ci ildə olduğu kimi, ekspertlər birinci yerə yaxın onilliyin varlılarla kasıblar arasında gəlir fərqi, büdcə kəsirlərinin artması kimi təhdidlərini qoyub. Bu proqnoz uzanan qlobal maliyyə böhranı ilə diktə edilir. Üçüncü yerdə atmosferdə istixana qazlarının artması təhlükəsi gəlir və bu, təbii fəlakətlərin artması ilə nəticələnə bilər. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından ağızdolusu danışa bilməyəcək, çünki ÜDM və əhalinin sosial müdafiəsi üzrə statistika o, 2003-cü ildə hakimiyyətə gələndən bəri ən pisdir. ÜDM artımı 2 faizə güclə çatıb. Bakıda inflyasiya gəlir artımını 9% keçib. Neft hasilatında azalma yavaş, amma davamlı tənəzzülə keçir və bu, xammal ölkəsinə yaxşı heç nə vəd etmir. 2009-2010-cu illərdə neft hasilatı pik nöqtəsində –50 mln tondan sonra azalma başladı: 2011-ci ildə 45,3 mln ton və 2012-ci ildə 42,9 mln ton. Qərb ekspertlərinin fikrincə, 2025-ci ildə hasilat 20 mln tona düşəcək və qazın artan hasilatı onu kompensasiya edə bilməyəcək. Azərbaycan neft və neft gəlirlərinin azalması fonunda digər avtoritar rejimlər kimi artan sosial təbəqələşmə problemi ilə üzləşib. Bu ölkələrdə kapitalın hakim korrupsiyaya uğramış siyasi elitanın əlində cəmləşməsi üzündən kasıb və varlıların gəlir fərqi artır. Bu gün Azərbaycanda çox aşağı yaşayış minimumu və dünyada çox yüksək olan korrupsiya səviyyəsi var. Sammit öncəsi Əliyevin fəaliyyəti nominantlar vərəqində dünyada bir nömrəli korrupsioner beynəlxalq mükafatı ilə qeyd edildi. Əliyev sammitlərdə 2007-ci ildən iştirak edir. O vaxt ÜDM artımı ölkədə 35% idi. Onun dünya liderləri və aparıcı şirkətlər qarşısında öyünmək üçün sözü vardı. O vaxt prezidentin ovqatı yaxşı idi. 2006-cı il noyabrın 26-dan dekabrın 11-ə kimi o, məzuniyyətdə idi. 2007-ci ilin yanvarında iki dəfə Davosda oldu: 2-19 yanvarda qeyri-rəsmi məlumata görə, ailəsi ilə birgə Alp dağ-xizək kurortunda istirahət edib. O vaxt Azərbaycanı Tarif Şurasının enerji daşıyıcılarını və s. artımı barədə qərarı silkələdi. 24 yanvarda o, forumda iştirak üçün yenidən Davosa qayıtdı. 5 gün sonra onu Parisin Yelisey sarayında rəsmi qonaq qismində qarşıladılar. 2008-ci ildə də belə oldu. Prezident 23 yanvarda WEF-də iştirak üçün İsveçrəyə getdi, 25-dən sonra informasiya məkanından yox oldu və 30 yanvara kimi istirahətini davam etdirdi. Məhz onda neft hasilatı üzrə özünü doğrultmayan yüksək proqnozlar əsasında qeyri-neft iqtisadiyyatı və demokratiya problemlərinə diqqət ayırmağa çalışdı. 24 yanvar 2008-ci ildə Davosda WEF-də "Neftin barreli $350 olarsa, enerji təhlükəsizliyi mümkündürmü?" adlı qapalı iclas oldu. Müzakirələrdə prezident İ.Əliyev, iri neft şirkətlərinin başçıları, biznesmen və bankirlər iştirak etdi. Orada deyildi ki, Azərbaycan 2007-ci ildə 47 mln ton neft çıxarıb, bir neçə ildən sonra bu həcm ildə 60-65 mln ton ola bilər və 2020-ci ildən sonra azalacaq. Bu proqnozlar hardan idi, onlar sonra necə acı zarafat etdi, bunu biz ötən ilin payızında gördük. Əliyev BP ilə münaqişədə hasilatın planlaşdırılandan 10 il tez düşməsindən qəzəbini gizlədə bilmədi. Davos-2008-in gedişində ABŞ dövlət katibi Kondaliza Rays ilə vacib görüş oldu. Görüşdən sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Metyu Brayza dedi ki, energetika sahəsində əməkdaşlıq, həmçinin demokratiyanın inkişafı müzakirə edilib. Əliyevə demokratiya sahəsində, xüsusən söz azadlığı ilə bağlı problemlərlə əlaqədar iradlar bildirilib. Uzunmüddətli neft perspektivinə əmin olan Əliyevin buna necə reaksiya verməsi Azərbaycanda «Azadlıq», BBC, «Amerikanın səsi» radiostansiyalarının yayımının dayandırılmasından məlum oldu. 2009-cu ildəki sammitdə Əliyev Amerikanın Wall Street Journal qəzetinə müsahibəsində anlatdı ki, bu qadağa əsaslıdır və onu ləğv etmək fikri yoxdur. Röyterə müsahibəsində isə iqtisadiyyatda 10 % tənəzzülə baxmayaraq, Əliyev tarixi rekorddan – ÜDM-in 26 dəfə artmasından, uğurlu gələcəkdən danışdı: «neft yaxşıca sığortalayacaq, Neft Fonduna yığılan vəsaitlərm isə istənilən böhrandan etibarlı müdafiə olacaq". Sonrakı sammitlərdə Əliyev məlum səbəblərdən belə gurultulu bəyanatlar vermədi, mətbuatdan qaçdı və bir sıra korporasiyalar və dövlətlərin başçıları ilə qapalı görüşlər keçirdi. Azərbaycan son illərin uğursuzluqlarını 2012-ci ildə Davos forumuna rəsmi sponsorluq və forumun hər bir iştirakçısına Heydər Əliyev Fondundan hədiyyə - Fondun emblemi olan zərf, bahalı şokolad, muğam yazılmış disklər və Fond barədə təbliğati disklər təqdim etməklə malalamaq istədi. Bu hədiyyəni alan Ukrayna prezidenti Yanukoviçin və İsveçrə kurortunun başqa qonaqlarının şokolad şirinliyini FEMEN hərəkatından olan ukraynalı qızların ənənəvi "Davos sui-qəsdinə son!" etiraz aksiyası pozdu. Bu forumda prezidentin iştirakının nə ilə bəzədiləcəyi hələlik məlum deyil. Amma İlham Əliyev artıq sammit iştirakçıları üçün ev hazırlığı edib. Hökumətin yanvar iclasında o bildirdi ki, 2% ÜDM artımı inkişaf etmiş ölkələr üçün hətta çox yaxşı göstəricidir. Amma Əliyevin Azərbaycanı bu ölkələrin sırasına necə daxil edəcəyi müəmma olaraq qalır. Turan Analitik Xidməti
Sorğu
Yeni dizaynımız necədir?