Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən lent.az-a verilən məlumata görə, bu barədə Mərkəzin baş direktoru Qurban Yetirmişli və Yaponiyanın"SHINYEI OYO S-İ" şirkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub. Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını və Yaponiyada bu işlərin böyük maraq doğurduğunu qeyd edərək, "biz gələcəkdə bu sahədə sizinlə təcrübə mübadiləsinin genişləndirmək niyyətindəyik"- deyib.
Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib.
Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsi haqqında da fikir mübadiləsi aparılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?