Gələn ilin yanvarın ilk iş günündə - 5-də Azərbaycanda benzin bahalaşa bilər. Bu barədə artıq Dövlət Neft Şirkətinin təklifləri Tarif (Qiymət) Şurasına təqdim edilib. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, dünya bazarında neftin ucuzlaşmasından büdcəyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət ilk növbədə yanacaq məhsullarının qiymətini qaldırmaq niyyətindədir: "Qeyri-neft sektoru bu itkiləri kompensasiya etmək gücündə deyil. Ona görə də hökumət bu itkiləri elə qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu çox riskili bir addımdır. Çünki yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına, bu isə bütün ölkə üzrə bahalaşma dalğasının güclənməsinə səbəb olacaq. Neftin dünya bazarında ucuzlaşmasının Azərbaycan neqativ təsirləri fonunda bu addım iqtisadi böhrana gətirib çıxara bilər. Ancaq hökumətin başqa yolu da qalmayıb. Büdcə 70 faiz neft gəlirlərindən asılıdır.” Benzin sonuncu dəfə Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-də bahalaşıb. AI-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, AI-92 və AI-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik müəyyən edilib. 2015-ci il yanvarın 5-dən AI-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, AI-92 və AI-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik həddində müəyyən ediləcəyi gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?