Azərbaycanda kredit faizlərinin yüksək olmasının səbəbi açıqlandı. Kredit faizlərinin yüksək olması normaldır.
"İstehlak krediti adətən heç bir məqsəd göstərilmədən verilən kreditlərdir. Bizdə olan məlumatlara görə, bu cür kreditlər yüksək faizlə verilir. Çünki müştərilərdən heç bir təminat tələb olunmur. Burada heç bir bürokratiya, sənədlər, gəlir mənbələri və s. göstərilmir. Bank üçün risk böyükdür. Beynəlxalq təcrübədə də belə kreditlər - zənglə verilən kreditlər, sms-lə və ya kredit kartlarına verilən kreditlərin faizləri yüksəkdir".
Bu sözləri Azərbaycan Televiziyasının "Günün nəbzi" verilişinə müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
"Biz bu problemi bilirik. Banklarla aktiv dialoqdayıq. Bütövlükdə kredit faizlərinə nəzər salsaq, bankların portfelinin 75%-dən çoxunu təşkil edən biznes kreditlərinin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağıdır - 10-12%. Son illər faizlərin aşağı düşdüyünü müşahidə edirik", - o əlavə edib.
Onun sözlərinə görə, bəzən dövlətin bu məsələni tənzimləməsi ilə bağlı çağırışlar olur. Ancaq bəzi ölkələrin təcrübəsi göstərir ki, belə məsələlərə dövlətin müdaxiləsi istənilən nəticələri vermir.
"Bəzi ölkələrdə qanunvericiliklə faizlərin ən yuxarı dərəcələri göstərilir, lakin həmin ölkələrdə qanunvericiliklə depozit faizi də müəyyənləşdirilir. Müştərilərə deyilir ki, sən hansı faizdən yuxarı olmayaraq vəsaitini banklara yerləşdirə bilərsən. İqtisadçı kimi deyə bilərəm ki, həmin ölkələrdə pullar açıq bankçılıqdan kölgə bankçılığına gedir. Sələmçilik inkişaf edir. Sələmçilik də çox ciddi problemdir. Çünki burada dövlətin nəzarəti tam zəifləyir. Həm kredit alanların, həm əmanət qoyanların hüquqları tam qorunmur", - Mərkəzi Bankın sədri vurğulayıb. (milli.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?