Araşdırmalar göstərir ki, qısa müddət ərzində ödənilməyən kredit borcunun məbləği 2-3 milyarda çatacaq
Fevral ayında manatın qəflətən devolivasiyaya uğramasından sonra ölkənin bank sistemində ciddi problemlər yaşanır. Xüsusilə kreditlərin verilməsində və qaytarılmasında yaşananlar böyük böhranın ilk siqnalları hesab oluna bilər. Sirr deyil ki, əhalinin böyük qismi kredit asılılığındadır. Hətta eyni zamanda bir neçə banka kredit ödəyən vətəndaşların sayı da çoxdur. Son zamanlar yaşanan iqtisadi böhran, bir sıra iş yerlərinin bağlanması əhalinin maddi durumuna əhəmiyyətli dərəcədə təsir göstərib. Qiymət artımı, dolanacaq səviyyəsinin aşağı düşməsi də əhalinin “kredit böhranına” düşməsinə səbəb olub.
Azərbaycanda problemli kreditlər mövzusu həmişə aktual olub. Lakin, manatın devolivasiyasından sonra kreditlərin verilməsində ciddi problemlər yaranıb.
Araşdırmalardan məlum olur ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin nəzərə çarpan artımı 2009-cu ildən başlayıb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi 2008-ci ildə cəmi 2,2 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 493 milyon manat və ya 5,4 faiz, 2011-ci ildə 634 milyon manat və ya 6,4 faiz, 2012-ci ildə 749 milyon manat və ya 6,1 faiz, 2013-cü ilin 11 ayının göstəricilərinə görə isə 800 milyon manat və ya 5,2 faiz təşkil edib.
Adətən vaxtı keçmiş kreditlər ümumi kreditin 10 faizini keçdikdə təhlükəli hədd hesab olunur. Rəqəmlərə diqqət yetirsək, artıq vəziyyətin təhlükəli həddə yaxınlaşdığını görərik.
Ümumiyyətlə, ölkədə 2,5 milyon nəfərin banklara kredit borcu var. Bu borcun ümumi məbləği isə 18 milyard manat təşkil edir.
Araşdırmalara əsasən, götürülən kreditin hər 18 manatından 1 manatı ödənilməmiş qalıb.
2009-cu ildə ödənilməyən kredit borcu 303 milyon, 2010-cu ildə bu məbləğ artaraq 493 milyon, 2011-ci ildə 634 milyon, 2012-ci ildə 749 milyon, 2013-cü ilin 11 ayının nəticələrinə görə 800 milyondan artıq, 2014-cü ilin 11 ayının nəticələrinə görə 970 milyon, 2015-ci ilin yanvar ayının nəticələrinə görə isə 1 milyard manat ödənilməmiş kredit borcu var.
Mərkəzi Bank tərəfindən 2014-cü ildə istehlak kreditləri ilə bağlı şərtlər sərtləşdirildi. Amma ondan əvvəlki dövrlərdə istehlak kreditlərinin faiz dərəcələri yüksək olduğuna görə banklar bu sahəyə daha çox maraq göstərdilər. Hətta heç bir ciddi maliyyə dayanıqlığı olmayan vətəndaşlara kütləvi şəkildə istehlak kreditləri verirdilər. Problemli kreditlərin tərkibində də istehlak kreditləri daha çox üstünlük təşkil edir. Bu kredit növü iqtisadi cəhətdən rentabelli deyil, yəni gəlir gətirən sahə hesab olunmur. Habelə, banklar tərəfindən müştərilərin gələcək gəlirliliyi ilə bağlı düzgün proqnozlaşdırma aparılmayıb.
Problemli kreditlərin artma səbəbləri (gecikməyə düşən kreditlərin təqib işini aparan şəxslərin peşəkarlıq səviyyəsi, istehlak kreditlərinin cəlbedici reklamları, sahibkarların müflisləşməsi və s.) müxtəlif ola bilər. Mərkəzi Bank tərəfindən görülən son inzibati tədbirlərə baxsaq, bu inzibati tədbirlərin daha çox hissəsinin istehlak kreditlərinin məhdudlaşdırılmasına yönəldiyini görərik. Burdan belə qənaətə gəlmək olar ki, əsas səbəb odur ki, vətəndaşlar ödəmə qabiliyyətindən artıq borc yükünün altına girir və nəticədə ödəməmək problemi yaranır.
Hazırda vaxtı keçmiş kreditlər bankların ən vacib problemlərdən biridir. Belə ki, ilin ilk ayında vaxtı keçmiş kreditlər 1 030,9 mln manat təşkil edir ki, bu da son bir ildə problemli kreditlərdə 215.8 mln yəni 26.5% artım olması deməkdir. 2015- ci ilin son statistik açıqlamaları ölkədə kredit qoyuluşunun 18 579,8 mln
manat təşkil edir. Vaxtı keçmiş kreditlərin ölkənin ümumi kredit portfelində payı 6 %-ə yaxındır.
Problemli kreditlərin yaranmasının bir çox səbəbləri var. Ekspertlərin qənaətinə görə, daşınmaz əmlak və ümumiyyətlə təminatlı kredit növlərinin təminatı olduğuna görə, onun yığılmasında problemlər çox deyil. İstənilən halda, daşınmaz əmlakı hərraca çıxarıb, kreditin ödənilməsinə nail olmaq olar. Əsas problemlər təminatsız kreditlərlə bağlı yaranır, hansı ki, bu kreditlərin heç bir təminatı yoxdur. Təminatsız kreditləri alan şəxslər arasında ən çətin ödəniş edən qrup 18-25 yaş arasında, əmlakı olmayan vətəndaşlardır. Məlumdur ki, onların istifadə etdiyi əmlak da ailəsinə məxsus olur. Bu kateqoriyalı şəxsləri kreditlərin ödənilməsinə yönləndirmək olmur, problemlər bu qrup borclularda daha çox özünü göstərir.
Ekspertlər problemli kreditlər arasında istehlak kreditlərinin üstünlük təşkil etdiyini vurğulayır. İstehlak kreditlərinin daxilində isə avtomobillər üçün verilən vəsaitlər yüksəkdir. Problemli kreditlərin olması birmənalı olaraq onunla bağlıdır ki, faiz dərəcəsi yüksəkdir. Azərbaycanda kommersiya banklarının faiz dərəcələri dünyada ən yüksək faiz dərəcələrinə malik olan banklar siyahısındadır. Faiz dərəcələrinin yüksək olması əvvəla bank kreditlərindən, biznesdən və eləcə də istehlakçıların daha səmərəli yararlanmasına imkan vermir.
Bank sektorunda yaranan böhran getdikcə daha təhlükəli xarakter alır. Araşdırmalar göstərir ki, qısa müddət ərzində ödənilməyən kredit borcunun məbləği 2-3 milyarda çata bilər. Bu isə onsuz da ağır vəziyyətdə olan bank sektorunun faktiki çöküşünə səbəb ola bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?