Azərbaycan manatı ilə bağlı yenidən həyəcan siqnalları verilir. Vüqar Bayramov: “Mərkəzi Bank mövcud məzənnə siyasətini davam etdirərsə, bir müddət manatı psixoloji formalaşdırmaqla, bazarda təklifi daha çox artırmağa cəhd göstərəcək. Bununla da öz valyuta ehtiyatlarına qənaət etməyə, təkliflər hesabına manatı qoruyub saxlamağa çalışacaq. Ancaq bu uzunmüddət davam edəcək siyasət deyil” Bəzi ekspertlər mart ayında yeni devalvasiyanın qaçınılmaz olduğunu bildirirlər. Üçüncü devalvasiyadan sonra qiymətləri tənzimləmək nə qədər mümkün ola bilər? Eyni zamanda Mərkəzi Bank manatı indiki səviyyədə nə qədər saxlaya bilər? Və doğurdanmı manat real üzən mənnəyə keçib? Mərkəzi Bankın real üzən məzənnəyə keçmədiyini vurğulayan iqtisadçı Vüqar Bayramovun fikrincə, manatın hansı səviyyədə olacağı Mərkəzi Bankın növbəti addımından asılı olacaq: “İndiki halda Mərkəzi Bank inzibati metodlarla kursu saxlamağa çalışır. Hal-hazırda mövcud kurs bazarın müəyyənləşdirdiyi kurs deyil. Buna görə də məzənnənin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Mərkəzi Bank üzən valyuta rejiminə keçərsə və kursun bazar tərəfindən müəyyənləşdirilməsinə imkan yaradarsa, bu halda manatın məzənnəsi dollara nisbətən azalacaq. Mərkəzi Bankın yanvarın 8-də banklara kursu müəyyənləşdirməkdə müstəqillik verməsinə baxmayaraq, qısa müddət sonra manatın dollara nisbətən məzənnəsi 1.90-ə qədər yüksəldi. İndiki məqamda Mərkəzi Bankın real üzən məzənnəyə keçidi manatı dəyərsizləşdirəcək və buna görə də Mərkəzi bank banklara tətbiq etdiyi sərbəst məzənnə müəyyənləşdirmə qərarını ləğv etdi. Manatın məzənnəsinin dəyişməsi növbəti mərhələdə atılacaq gedişatdan asılı olacaq. Belə ki, Mərkəzi Bank mövcud məzənnə siyasətini davam etdirəcək, yoxsa gerçək üzən məzənnə rejiminə keçəcək? Əgər Mərkəzi Bank mövcud məzənnə siyasətini davam etdirərsə, birmüddət manatı psixoloji formalaşdırmaqla, bazarda təklifi daha çox artırmağa cəhd göstərəcək. Bununla da öz valyuta ehtiyatlarına qənaət etməyə, təkliflər hesabına manatı qoruyub saxlamağa çalışacaq. Ancaq bu uzunmüddət davam edəcək siyasət deyil. Çünki bazarın uzunmüddətə təklif vermək imkanları yoxdur. Üzən məzənnə rejiminə real keçid və real olaraq, banklara sərbəst məzənnə rejiminə keçirilməsi manatın dəyərinin aşağı düşməsinə səbəb olacaq. Ona görə də manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın real üzən məzənnə rejiminə keçməsindən asılı olacaq. Bu halda isə manatın məzənnəsi dollara nisbətən aşağı düşəcək”.
Sorğu
Yeni dizaynımız necədir?