Dolların manata nisbətdə ucuzlaşması iqtisadi səbəblərlə bağlı deyil. Sadəcə hökumət növbəti dəfə inzibati üsullarla manatı möhkəmləndirməyə çalışır ki, bu da müvəqqətidir. Bu barədə 24saat.org-a ekpertlər son günlər dolların ucuzlaşmasını şərh edərkən bildirib.
Qeyd edək ki, təxminən bir həftədir dolların ucuzlaşması müşahidə olunur. Hakimiyyət rəsmiləri bunu Azərbaycan iqtisadiyyatının inkişaf etməsi ilə izah edir. Lakin bunun əskinə olaraq ölkədə maliyyə böhranının dərinləşdiyi müşahidə olunur. Demək olar ki, hər gün iş yerlərinin bağlanması barədə məlumatlar yayılır. Biz hələ sosial-iqtisadi səbəblərdən intiharların sayının artmasını demirik. Bu halda dolların ucuzlaşması təəccüb doğurmaya bilməz.
Ekspertlərin fikrincə, hökumət üzən məzənnəyə keçildiyini bəyan etsə də, əslində bu belə deyil. “Üzən məzənnə üçüncü devalvasiyanın olmadığı görüntüsünü yaratmaq üçün tryuk kimi qiymətləndirilə bilər. Əslində isə üzən məzənnə adı altında üçüncü devalvasiya baş verib. İkinci devalvasiya zamanı 1 dollar 1.05 manatdan 1.55 manata qədər bahalaşdı. Üzən məzənnəyə keçiddən sonra isə 1 dollar 1.90 manata qədər yüksəldi. Hökumət bunun qarşısını almaq üçün inzibati üsullara əl atdı. Dolların satışı faktiki qadağan olundu. Manatın dövriyyədəki həcmi azaldıldı. Yəni, süni manat qıtlığı yaradıldı və nəticədə dolların ucuzlaşması prosesi baş verdi”.
Ekspertlərə görə, dolların ucuzlaşması bir neçə ay davam edə bilər. “Bu prosesi çox uzatmaq mümkün deyil. Bir neçə aydan sonra dolların yenidən bahalaşmasının şahidi ola bilərik”.
Ekspertlər bu prosesdə Mərkəzi Bankla Maliyyə Nazirliyi arasındakı ziddiyyətlərin də mühüm rol oynadığını vurğulayır. “Maliyyə Nazirliyi devalvasiya baş verməsində maraqlıdır. Çünki büdcəyə cavabdeh olan qurum üçün devalvasiya zamanı büdcənin doldurulması bir qədər asanlaşır. Maliyyə Nazirliyini büdcəni doldurmaq maraqlandırır. Mərkəzi Bank isə bu prosesdə zərbə altında qalır. Çünki ictimaiyyət devalvasiyanın təqsirkarı kimi Mərkəzi Bankı görür. Hər iki devalvasiyada bunun şahidi olmuşuq. İkinci devalvasiyadan sonra isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ciddi-cəhdlə bunun qarşısını almağa çalışır. Təsadüfi deyil ki, Mərkəzi Banka yaxın olan ekpertlər ittihamların Elman Rüstəmova yönəldiyini görüb devalvasiyanın müəllifi kimi maliyyə naziri Samir Şərifovu göstərirdilər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?