Beynəlxalq Bank işinə görə tutulanlar hansı şərtlərlə azadlığa buraxılır?
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılanlardan 6 nəfər barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Fins.az xəbər verir ki, bu barədə qərar ötən il dekabrın 2-də qəbul edilsə də, məlumat indi açıqlanıb.
Həmin şəxslərdən Adil Mikayılovun vəkili Azər Tanrıverdi bildirib ki, həmin gün Nərimanov rayon Məhkəməsində prokurorluq orqanının verdiyi vəsatətə baxılıb. Vəkilin sözlərinə görə, prokurorluq A.Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Məhkəmə həmin vəsatəti təmin edib. A.Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, əvəzində ondan başqa yerə getməmə haqqında iltizam alınıb. Məlumata görə, həmin vaxt həbsdə olan daha 5 nəfərin barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Onlardan 4-ü “Xəzər Menecment Sistem” şirkətinin əməkdaşı olub.
Qeyd edək ki, A.Mikayılov “Xəzər Menecment Sistem” şirkətinin rəhbəridir. O, ABB-dən 80 milyon manat məbləğində kredit götürüb qaytarmaqda təqsirləndirilir. A.Mikayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə əsasən ittiham olunur.
Onu da qeyd edək ki, ABB-nin Idarə heyətinin sabiq sədri Cahangir Hacıyev barədə ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.
Ümumilikdə ABB-dən kredit götürərək mənimsəməkdə təqsirləndirilən 30-dan çox şəxs saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, “kredit qalmaqalı”na görə, həbs olunanlar arasında bir çoxu sadəcə icraçı olsa da, hələ də həbsdə saxlanılırlar. Lakin göründüyü kimi azad edilənlər də var. Bəzi ehtimallara görə, azad edilənlər müəyyən şərtlərlə buraxılırlar. Onların həbsdə qalaraq kredit götürdükləri iddia olunan məbləği ödəyə bilməyəcəkləri nəzərə alınır. Bu baxımdan azadlığa buraxılırlar əmlaklarını satmaqla ödənişi həyata keçirsinlər. Son vaxtlar Bakıda bahalı obyektlərin, villaların satışının vüsət almasının da bununla bağlı olduğunu iddia edənlər var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?