Bu gün- martın 10-da Mərkəzi Bank (MB) banklara nəzarət səlahiyyətlərini itirib. Bu vəzifəni Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Bank məsələləri eksperti Əkrəm Həsənov həmin palatanın hələ işə başlamadığını xatırladır: «Formal yanaşsaq, bu gündən, müvəqqəti olaraq, banklar özbaşına və nəzarətsiz qaldı. Düzdür, MB onsuz da nəzarəti elə həyata keçirirdi ki, olmasından olmaması daha yaxşı idi. Prinsipcə, MB digər əsas işini - pul siyasətini də çox bərbad görür və bunun nəticəsi kimi, manatın davamlı devalvasiyası göz qabağındadır».
«KREDİTLƏRİN QAYTARILMAMASININ BİR ƏSAS SƏBƏBİ DƏ...»
Ekspertin sözlərinə görə, MB rəhbərliyi Azərbaycan maliyyə sisteminin çox çətin dövründə məsuliyyətinin bir hissəsindən - bank nəzarətindən yaxasını qurtarıb: «O cümlədən ona ünvanlanan sual və iradlardan da qurtuldu. Məsələn, xatırladıram ki, ötən il dekabrın 22-də İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məktub ünvanlamışdım. İstehlakçı hüquqlarını qorumalı olan orqanın diqqətinə çatdırmışdım ki, banklar kreditlərə aid qanunvericiliyi kobud şəkildə pozur və faizləri ildə bir dəfə yerinə, hər ay tutur. Beləcə, borcluların borc məbləği şişirdilir. Kreditlərin qaytarılmamasının əsas səbəblərindən biri də budur».
Əkrəm Həsənov sözügedən dövlət xidmətinə ünvanlandığı məktubun taleyinə də toxunur: «Həmin xidmət elə ötən ilin sonunda məktubumu cavab üçün MB-yə ötürmüşdü. Azı, iki ay ötsə də, MB-dən heç bir cavab almamışam. Təbii ki, cavab vermələri daha təəccüblü olardı, axı mənim arqumentlərimə adekvat cavabları yoxdur. Banklar qanunvericiliyi pozub və pozur, MB də illərboyu buna göz yumub! İndi də MB banklara nəzarət sahəsində ictimaiyyətin suallarına cavab vermək vəzifəsindən qurtuldu və bütün sualları ötürəcək palatanın üzərinə».
«PALATANIN TEZLİKLƏ AÇIQ QALAN SUALLARA AYDINLIQ GƏTİRMƏSİNİ İSTƏRDİM»
Ekspert Maliyyə Bazarlarına Nəzarət Palatasına böyük ümid bəslədiyini vurğulayır: «Ümid edirəm ki, orada «xəstə» banklarımız «şəfa» tapar və onların «palata»dan «reanimasiya»ya köçürülməsinə ehtiyac qalmaz. Palatanın tezliklə açıq qalan suallara aydınlıq gətirməsini də istərdim. Heç olmasa, fəaliyyətinin ilk 100 günü ərzində».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?