Kəmaləddin Heydərovun fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb
Maliyyə Nazirliyi Fövqəladə Hallar Nazirliyində yoxlama aparıb. Bu barədə azadlıq.tv məlumat yayıb. Məlumatda deyilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov öncə Maliyyə Nazirliyinin auditorlarını qəzəblə qarşılasa da, təftişin ölkə rəhbərliyinin razılığı əsasında aparıldığı onun diqqətinə çatdırılıb. Bundan sonra Kəmaləddin Heydərov auditorları qəbul etməyə məcbur olub. Maliyyə Nazirliyinin auditorları nazirlikdə dövlət sifarişlərinin icrası, büdcədən ayrılan dövlət investisiyalarının təyinatı üzrə xərclənib-xərclənmədiyini, nazirlikdə maliyyə axınlarının durumunu araşdırır. Təftiş zamanı bir sıra ciddi maliyyə pozuntuları üzə çıxıb. Ən ciddi maliyyə pozuntuları nazirliyin ehtiyaclarını təmin etmək üçün elan edilən tenderlərdə qeydə alınıb. Tenderlər demək olar ki, formal xarakter daşıyıb və istisnasız olaraq fövqəlnazirin himayəsində olan şirkətlər qalib elan ediliblər. Bu şirkətlər əsasən nazirin qohumlarına məxsusdur. Xatırladaq ki, maliyyə naziri Samir Şərifovla Kəmaləddin Heydərovun münasibətləri o qədər də ürəkaçan deyil. Buna səbəb “fövqəlnazir”in vaxtaşırı Maliyyə Nazirliyini nəzarətə götürmək cəhdləri olub. O bu məsələdə o zaman maliyyə nazirinin müavini, hazırda Hesablata Palatasının sədri olan Heydər Əsədovdan yararlanıb. Əvəz Ələkbərov maliyyə naziri postundan uzaqlaşdırılanda Kəmaləddin Heydərov Heydər Əsədovu onun yerinə təyin etdirməyə çalışıb. Lakin bu cəhdi baş tutmayıb. İlham Əliyev Samir Şərifova etimad göstərib. Bundan sonra Heydər Əsədov Maliyyə Nazirliyində Kəmaləddin Heydərovun adamı kimi Samir Şərifovun əleyhinə iş aparıb. Nəticədə nazir onu işdən çıxarmağa məcbur olub
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?