Bir qrup Şabran rayon sakini rayonda yolların bərbad durumu ilə bağlı şikayət məktubu yazəb. Qəzetimizin elektron poçtuna ünvanlanan məktubda bildirilir ki, keçmiş illərə nisbətən bir neçə ildir ki, Şabran rayonunun iki küçəsi tam da olmasa qismən abadlaşdırılıb. Bu küçələrdən biri Quba-Xaçmaz magistralının rayonun ərazisindən keçən hissəsidir ki, bu yol da rayonlararası yolun tərkib hissəsi kimi təmir olunub. İkinci küçə isə rayonun mərkəzi küçəsi olan Rayon İcra Hakimiyyətindən Mərkəzi Xəstəxanaya kimi olan yoldur ki, bu yola da asvalt döşənib, yol kənarına bardiyorlar düzülüb. Bundan başqa şəhərin müxtəlif yerlərində 4-5 küçəyə asvalt döşənib, 5-6 küçəyə də xırda çınqıl daşı tökülüb. Şəhərin qalan küçələrinə isə palçıq əlindən heç girmək də mümkün deyil. Bir də hər rayonda olduğu kimi park düzəldilib. Rayon mərkəzindən Dəvəçikəndə gedən yol hazırda çox bərbad vəziyyətdədir. Avtomobillər bu yolu çətinliklə gedirlər. Otuz il bundan əvvəl Dəvəçikənd Şabran şəhərindən 3000 metr aralıda idi İndi isə əhali artıb və Dəvəçikənd şəhərlə birləşib. Ancaq o kəndin adı elə Dəvəçikənd olaraq qalır. O kəndə giriş və çıxış yolları çox bərbad vəziyyətdədir. Bu yolları təmir edəcək təşkilat isə yoxdur. Şabran şəhərinin bu küçələrinin xaraba qalmasında “Ramko” şirkətinin günahı az deyil. Rayon İcra Hakimiyyəti başçısının külli-ixtiyarı onlara verməsi nəticəsində yollarda öz bildiklərini həyata keçirən bu şirkət lazım oldu-olmadı yolları təmir adı ilə qazıb tökür, bərbad vəziyyətə qoyurlar. Şirkətin müdiri Nail isə dəfələrlə heç kimdən qorxmadığını vurğulayaraq, “hara istəyirsiniz şikayət edin” deyir. Şşabran Şəhərində alternativ yollar yox dərəcəsindədir. Əgər Heydər Əliyev prospektinə gedən mərkəzi yolda bir hadisə baş versə, o yol bağlansa, Dəvəçikənddən şəhərə çıxış demək olar ki, mümkün deyil.Çünki, alternativ yollar həm palçıqdır, həm də dağılmış vəziyyətdədir. Yoldakı çala-çuxur maşınların burdan keçməsini mümkünsüz edir.Ümumiyyətlə, Şabran şəhərinin bir neçə küçəsi istisna olmaqla demək olar ki, bütün küçələri eyni vəziyyətdədir. Bu yollarda nəinki maşınlar , hətta piyadalarda getməkdən çətinlik çəkirlər. Şəhər yolları bu vəziyyətdə olduğu halda, görün kənd yollarının vəziyyəti necədir? Dağbilici, Pirəbədil, Zeyvə yolu 2012-ci ilin yay aylarında təmir olunub, asvalt döşənib. Şabran şəhərinə kimi bu yolların vəsiyyəti çox yaxşı hesab oluna bilər. Qələgah kəndinə gedən yola da kəndin girəcəyinə kimi asvalt döşənib. Kəndin içərisindəki yollar isə Bələdiyyənin sərəncamında olduğundan necə idisə elə də qalıb. Başqa kəndlərə gedən yollar isə olduqca bərbad vəziyyətdədir. Düzbilici, Çinarlar, Qorqan, Xəlfələr kəndlərinə gedən yolların vəziyyəti çox pisdir.Şabran rayonunun digər kənd yolları da dağılıb tökülüb. Kəndlərin rayonla əlaqəsi olsa da, bu yolların təmirə ehtiyacı var. Sarvan, Çölquşçu, Xəlilli, Qaraqaşlı kəndlərinə işləyən marşurut avtobusun sürücüsü Rzaquliyev İmanqulu deyir: “Mən 25 ildir ki, Çölquşçu marşurutunda sürücü işləyirəm. Hələ indiyə kimi bu yolları belə dağılmış vəziyyətdə görməmişəm. Bu yol təmamilə dağılıb, sıradan çıxıb. İki gündən bir maşının resorlarını dəyişirəm, təkərlər tez-tez cırılır, bolt-qaykası özbaşına açılıb tökülür. Bir gün oyolu gedib-gəlirik, iki gün təmirə dayanırıq. Bu yollara baxan bir təşkilat yoxdur ki, gedib bir dərdini deyəsən. Keçmişdə yol idarəsi deyilən bir təşkilat var idi.İndi otəşkilatın o qədər də səlahiyyəti yoxdur, rayon icra hakimiyyətinin başçısı nə əmr verdi, otəşkilat da o əmri yerinə yetirəcək. Deyirlər belə işlərə gərək Bələdiyyələr baxsın. Çölquşçu kənd camaatı bələdiyyə sərinə müraciət ediblər ki, yolları təmir etsin. Bələdiyyə sədri isə cavabında bildirib ki, vəsaitimiz yoxdur. Amma bizdə olan məlumata görə ötən ilin sonlarında Çölquşçu kəndinin yollarının təmiri üçün dövlət büdcəsindən pul ayrılıb. Rayon icra hakimiyyəti başçısı da yolun təmir olunacağına söz verib. Amma heç kim bu vədə inanmır.
Sorğu
Yeni dizaynımız necədir?